Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Masdar” şirkəti ilə əməkdaşlığımızın bu yeni səhifəsi ölkəmizin enerji gələcəyinin parlaq səhifəsi olacaq

“Masdar” şirkəti ilə  əməkdaşlığımızın bu yeni səhifəsi ölkəmizin  enerji gələcəyinin parlaq səhifəsi olacaq


Şuşada 4 iyunda Energetika Nazirliyinin BƏƏ-nin "Masdar"şirkəti ilə 4QVt yaxud 4000 MVt gücündə bərpa olunan enerji və hidrogen layihələri üzrə imzaladığı İcra müqavilələləri bir neçə məqama görə tarixi hadisədir.

Bu müqavilələr quruda 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi, dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və “yaşıl” hidrogen layihələrinin həyata keçirilməsini nəzərdə tutur ki, bu da Azərbaycanda və regionda bərpa olunan enerji sahəsində ən böyük külək, günəş elektrik stansiyalarının inşası, hidrogenlə bağlı ilk addım deməkdir. Müqayisə üçün deyə bilərik ki, hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7944 MVt-dan bir qədər çoxdur. Burada bərpa olunan enerji mənbələrin payı 1312 MVt-dır. Yəni bu yeni layihələr mövcud ümumi istehsal güclərinin, təxminən, yarısına, bərpa olunan enerji güclərinin isə təqribən 4 qatına bərabərdir.

Deməli, bu meqa layihələrin yaradılması Azərbaycanın enerji sisteminin bərpa olunan enerji mənbələri əsasında inkişafını təmin edəcək transformativ proseslərdə dönüş olacaqdır. Azərbaycanın enerji balansında nisbətin “yaşıl” enerjinin xeyrinə dəyişməsinin drayveri olacaqdır. Azərbaycanı bərpa olunan enerji üzrə iddialı hədəflər irəli sürən ölkələr sırasına daxil edəcəkdir.

Həmçinin “Masdar”la imzaladığımız dənizdə 2 QVt gücündə müqavilə əsasında isə tarixdə ilk dəfə olaraq Xəzər dənizində Azərbaycan vasitəsilə külək enerjisi potensialından istifadə edilməklə elektrik enerjisinin və hidrogenin istehsalı-ixracı ilə bağlı layihələrin reallaşması istiqamətində işlərə başlanılır.

Bu hələ hamısı deyil. Bu müqavilələr 4 min meqavatlıq bu güclərin yradılması ilə yanaşı bu həcmlərdən artıq yeni güclərin yaradılması istiqamətində imkanların dəyərləndirilməsini də əhatə edir.

Buradan gəlinən digər nəticə isə budur. Bu müqavilələrlə Azərbaycana 10 milyardlarla “yaşıl” xarici investisiya gətiriləcək. Ona görə də Şuşada Azərbaycanın “yaşıl” enerji gələcəyinin müqəddaratını həll edən tarixi addımlar atıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər məsələdə olduğu kimi “yaşıl” enerji ilə bağlı da dəqiq proqnozlaşdırmaya əsaslanan inkişaf kursu çərçivəsində tərəfdaşımız “Masdar” şirkəti ilə əməkdaşlığımızın bu yeni səhifəsi ölkəmizin enerji gələcəyinin də parlaq səhifəsi olacaqdır.

Zəminə Əliyeva-Energetika nazirinin müşaviri
Xəbəri paylaş