Belə bir hadisə ilk dəfə baş vermir. Qarabağda rus sülhməramlılarının nəzarətində olan ərazilərdə dəfələrlə vətəndaşlarımıza, maşın karvanlarımızın sürücülərinə qarşı hörmətsizlik edilib. Mən də bunun şahidiyəm. Sözügedən məsələ haqqında çoxlu şikayətlər də almışam. Əvvəllər də vurğuladığımız kimi, rus sülhməramlıları Qarabağdakı fəaliyyətlərlə bağlı Azərbaycana hesabat verməlidir.
Newscenter.az xəbər verir ki, bu sözləri Moderator.az-a dünən ölkəmizin ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyət göstərdiyi Şuşanın Kiçik Qaladərəsi kəndində ermənilərin Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneə yaratması haqqında danışan Ədalət Verdiyev bildirib.
Ekspertin sözlərinə görə, sülhməramlıların ermənilərin dəfələrlə törətdiyi təxribatlara göz yumması qəbuledilməzdir və Qarabağdakı təxribatçı, cinayətkar ünsürlər ölkəmizin qanunvericiliyinə əsasən cəzalandırılmalıdır:
“Azərbaycan Müdafiə Nazirliyi baş verən hadisəni sülhməramlıların komandanlığı ilə təcili müzakirə etməlidir. Sülhməramlıların gözünün qabağında ermənilərin necə və niyə, hansı haqla yük maşınının qarşısını kəsdiyinin cavabı alınmalıdır, buna görə hər iki əks tərəfə xəbərdarlıq edilməlidir. Daha sonra isə məsələ ilə bağlı cəmiyyətə rəsmi açıqlama verilməlidir. Qeyd etdiyim kimi, belə hadisələr dəfələrlə olub və edilən müraciətlərin, verilən bəyanatların əfsus ki, bir xeyri yoxdur. Görünür, rus sülhməramlıları israrla Fərruxdakı kimi Qaladərəsində də üçrəngli bayrağımızın dalğalanmasını istəyirlər. Əgər oradakı ermənilərə gücləri çatmırsa, vəzifələrini yerinə yetirə bilmirlərsə, qoy onda ruslar Donbasa getsinlər və öz ölkələrinin maraqları üçün orada xidmət etsinlər. Onsuz da Rusiyada şəxsi heyət çatışmazlığı var. Ermənilərə gəldikdə isə onların etdikləri birbaşa Azərbaycanın dövlət strukturlarının bərpa-yenidənqurma fəaliyyətlərinə mane olmaqdır. Ona görə sözügedən ermənilərin kimlikləri haqqında məlumat əldə edilməli və onlar təcili həbs edilməlidir”.