İyunun 8-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al-Hinzab ilə görüşüb.
Xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayan Baş prokuror, bu sahədə dövlət başçıları cənab İlham Əliyev və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl-Taninin misilsiz xidmətlərini qeyd edib.
Newscenter.az xəbər verir ki, Baş prokuror müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Qətər Dövlətinin ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini, həmçinin ölkəmizdə bütün sahələrdə aparılan mütərəqqi islahatların vacibliyini vurğulayıb.
Qətər Dövlətinin Baş prokuroru İssa bin Saad Al Cuffali Al Nuaiminin rəhbərlik etdiyi nümayəndə heyətinin yaxın vaxtlarda ölkəmizə səfəri və qarşılıqlı maraq doğuran digər mövzulara dair fikir mübadiləsi aparılıb.
Görüşdə ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov iştirak edib.
Mehman