Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yasamal Rayon Məhkəməsində "İnsan hüquqları media müstəvisində" adlı tədbir keçirilib

Yasamal Rayon Məhkəməsində "İnsan hüquqları media müstəvisində" adlı tədbir keçirilib


Yasamal Rayon Məhkəməsinin inzibati binasında "İnsan hüquqları media müstəvisində" adlı "dəyirmi masa" keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, Məhkəmə-Hüquq Şurasının, Medianın İnkişafı Agentliyinin, Mediasiya Şurasının, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının rəhbər şəxsləri, məhkəmə sədrləri və məhkəmələrdə media ilə əlaqələrə məsul spiker-hakimlər, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti və media mənsubları iştirak ediblər.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxışında bildirib ki, ədliyyə orqanlarının və məhkəmələrin media ilə dialoqun, sosial media fəaliyyətinin gücləndirilməsi ilə bağlı ardıcıl işlər görülür.

Onun sözlərinə görə, görüşün məqsədi hakimlərlə tanışlıqla yanaşı, məhkəmələrlə media orqanları arasında əməkdaşlığın genişləndirilməsi, məhkəmə fəaliyyəti barədə əhalinin mütəmadi, dolğun və düzgün məlumatlandırılması məsələlərinin müzakirə olunmasıdır: "Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycanın ictimai-siyasi həyatında da özünə möhkəm yer tapıb. 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Peşəkar və sahəvi jurnalistikanın inkişafı bütün dövlət qurumlarının işini asanlaşdırır və cəmiyyət daha düzgün informasiya ilə təmin olunur".


Daha sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış edib. O deyib ki, Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daim böyük diqqət yetirilir və ölkə Prezidentinin yürütdüyü siyasət məhz insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edir.

Tədbirdə Media İnkişaf Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli söyləyib ki, Azərbaycanda jurnalist peşə fəaliyyətini yerinə yetirərkən ona mane olunmamalıdır, lakin hər bir peşəkar jurnalist etik davranışlara diqqət yetirməlidir: "Media haqqında" yeni qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır".


Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov insan hüquqlarının etibarlı təmin olunmasında məhkəmə hakimiyyətinin müstəsna rolunu qeyd edərək məhkəmələrdə mətbuatla əlaqələrə məsul spiker-hakimlərin ayrıldığını diqqətə çatdırıb.

Daha sonra tədbirdə Sumqayıt Şəhər Məhkəməsinin spiker hakimi Azər İsmayılov, Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev çıxış ediblər.

Çıxış edənlər demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan ölkəmizdə bu sahədə görülən ardıcıl və məqsədyönlü tədbirlərdən danışılıb.
Xəbəri paylaş