Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycandan kütləvi arpa ixracına ETİRAZ

Azərbaycandan kütləvi arpa ixracına ETİRAZ


Qlobal ərzaq bazarında gedən bahalaşma, həmçinin Ukraynada başlayan müharibənin bu prosesə artırıcı təsiri dünya ölkələrinin ərzaq təhlükəsizliyi məsələsinə diqqətini qat-qat artırıb. Beynəlxalq qurumlar böyük həyəcanla payız aylarından etibarən qlobal səviyyədə ərzaq çatışmazlığı və ciddi böhran xəbərdarlıqları səsləndirməkdədirlər.

Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmən üçün minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının, onların istehsalında istifadə olunan xammalların ölkədən ixracını məhdudlaşdırıb. Lakin bir sıra işbazlar bu məhdudiyyətdən yayınmaq üçün müxtəlif yollara əl atırlar. Bunlardan biri də dənli bitkilərin doğranaraq emal məhsulu adı altında kütləvi ixracıdır.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından Newscenter.az-a bildirilib ki, quşçuluq sektoru da, heyvandarlığın digər sahələri kimi, yem təchizatında böyük ölçüdə idxaldan asılıdır. Buna görə də dünya bazarında baş verən proseslər quşçuluq təsərrüfatlarının yem təchizatında əksini tapır. Son aylarda Ukraynadan buğda, qarğıdalı, günəbaxan yağı ixracının dayanması, Rusiyanın ixraca kvota və əlavə rüsumlar tətbiq etməsi, digər ixracatçı olan Qazaxıstanın da kvotalaşamaya getməsi, həmçinin digər səbəblərdən dünya bazarında taxılın qiyməti kəskin yüksəlib. Bundan əlavə, Rusiya rublunun məzənnəsindəki möhkəmlənmə qiymətləri daha da yüksəldib. Bu bahalaşma fonunda quşçuluq müəssisələri yem

tələbatının ödənməsi üçün yerli istehsal olan arpadan istifadəni genişləndirməyə çalışır. Lakin son həftələrdə biz maraqlı faktla üzləşmişik: ölkədə arpa tapmaq demək olar ki, mümkün olmur. Araşdırmalarımız zamanı məlum oldu ki, arpanın dən formasında Azərbaycandan ixracına qoyulan qadağadan yayınmaq üçün bir sıra işbazlar onu xırdalayaraq kütləvi şəkildə qonşu ölkələrə, xüsusilə də İrana və onun üzərindən İraqa ixrac edirlər. Bu ixracı rəsmi statistikadan da izləmək mümkündür. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 2021-ci ilin ilk 3 ayında Azərbaycandan xaricə 1 kq belə “Digər arpa” ixrac olunmadığı halda, 2022-ci ilin eyni dövründə 17427,84 ton belə məhsul ixrac edilib.

Qısa bir araşdırmadan sonra biz aydınlaşdırdıq ki, dən şəklində arpa ixracı qadağan olunduğuna görə işbazlar onu kiçik qırıntılara bölərək, “emal sənayesi məhsulu” adı altında Azərbaycandan çıxarırlar. Halbuki emal sənayesi məhsulu üçqat emaldan keçmiş məhsullar hesab olunur.

Bildiririk ki, hazırda quşçuluq təsərrüfatlarında yem təchizatı ilə bağlı ciddi problemlər var. Yerli istehsal məhsulu olan arpanın kütləvi şəkildə ixracı bizim problemlərimizi daha da kəskinləşdirir. Biz eyni halın yaxın günlərdə buğda, qarğıdalı və çovdarla bağlı da yaranacağını gözləyirik. Buna görə də Azərbaycan Respublikasının Baş nazirinə, iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinə müraciət edərək bu ixracın qarşısının alınmasını xahiş etmişik.

İnanırıq ki, adıçəkilən qurumlar yerli istehsalçıların əsaslı narahatlığını düzgün qiymətləndirməklə müvafiq addımların atılmasını təmin edəcəklər.

Sevinc
Xəbəri paylaş