Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Sahibə Qafarova Misirin Azərbaycandakı səfiri ilə görüşüb


İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Məhəmməd Nadem Abdel Həmidlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Newscenter.az-a verilən məlumata görə, Milli Məclisin sədri, diplomata yeni vəzifəsində uğurlar arzulayıb.

Onun Azərbaycanda çalışdığı müddətdə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Spiker Azərbaycanla Misirin dost ölkələr olduğunu və dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu bildirib. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu il Azərbaycanla Misir arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik və bu illər ərzində ölkələrimiz arasında bir çox sahələrdə sıx əməkdaşlıq formalaşıb.

Milli Məclisin sədri bildirib ki, ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Söhbət zamanı iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, təhsil, turizm sahələrində əlaqələrin inkişafı və digər mövzularda danışılıb.
Spiker bildirib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biridir. Bu baxımdan parlament dostluq qruplarının fəaliyyəti təqdirəlayiqdir. Ölkələrimizin qanunverici orqanları arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanlar var.

Milli Məclisin sədri qarşılıqlı təmasların, səfərlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.
Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsindən danışan Sahibə Qafarova bildirib ki, bu qələbə regionda yeni reallıqlar yaradıb. Azərbaycan davamlı sülhün, sabitliyin, münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və bunun üçün Ermənistana bir sıra təkliflər irəli sürüb. İnanırıq ki, tezliklə iki ölkə arasında sülh sazişi imzalanacaq və bu, bütün region ölkələrinin inkişafına öz töhfəsini verəcək.

Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Məhəmməd Nadem Abdel Həmid təbrikə görə təşəkkürünü bildirib və iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. O, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə və ölkəmizin təşəbbüsü ilə bu qurumun Parlament Şəbəkəsinin yaradılmasına görə təbriklərini çatdırıb.

Görüşdə səfir artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdiyini və həqiqətləri öz gözləri ilə gördüyünü diqqətə çatdırıb. Bildirib ki, Misir şirkətləri də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə investisiya qoymaq əzmindədirlər.

Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Arzu
Xəbəri paylaş