Misirdə Dünya Fətva Evləri və Heyətləri Baş katibliyinin nəznində fəaliyyət göstərən “Salam” ekstremizmlə mübarizə mərkəzinin təşkilatçılığı ilə 42 ölkədən din xadimləri, ilahiyyatçı alimlər və şeyxlərin iştirakı ilə “Dini ekstremizmə qarşı intellektual mübarizə və əks strategiya” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycandakı dini və irqi zəmində tolerantlıq və multikulturalizm ənənələri barədə məlumat verilib.
Newscenter.az xəbər verir ki, azərbaycanlı tədqiqatçı-alim, Dünya Fətva Evləri və Heyətləri Baş katibliyinin müşaviri Seymur Nəsirov Misirin nüfuzlu Birinci kanalı, “Nile” və Saad Əl Balad” telekanalları və qəzetlərinə geniş müsahibəsində ölkəmizdə dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanların bərabər hüquqlara malik olması, dövlətimiz tərəfindən xristian kilsələri və yəhudi sinaqoqlarının qorunması və bərpası barədə ətraflı məlumat verib.
Dini ekstremizmin təkcə İslamda deyil, bütün dinlərdə mövcud olduğunu qeyd edən azərbaycanlı alim diqqətə çatdırıb ki, Azərbaycan dövləti intellektual səviyyədə bu cür mənfi təzahürlərə qarşı ardıcıl tədbirlər görür. Təsadüfi deyil ki, sivilizasiyalararası dialoq və multikulturalizmin qlobal mərkəzlərindən birinə çevrilən ölkəmizdə bu sahədə bir çox mötəbər forumlar və beynəlxalq konfranslar təşkil edilib.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan diasporunun da sədri olan S.Nəsirov Misir-Azərbaycan əlaqələrinin tarixindən və hazırkı yüksək səviyyəsindən bəhs edərək, Misirin radikalizmlə mübarizədə göstərdiyi səyləri də yüksək qiymətləndirib.
Mehman