Dövlət Gömrük Komitəsinin Akademiyası ilə “Prosol” Qapalı Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın əməkdaşları, “Prosol” QSC İdarə Heyətinin sədri Babək Ağayev və şirkətin nümayəndələri iştirak ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti haqqında məlumat verib, Akademiyanın Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin, həmçinin Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) ölkəmizdə yeganə təmsilçisi və üzvü olduğunu vurğulayıb.
Kibertəhlükəsizliyin müasir dövrdə əhəmiyyətindən və bu sahədə Akademiya ilə “Prosol” şirkəti arasında əməkdaşlığın gələcək perspektivlərindən söz açan Qulu Novruzov tələbələr üçün təcrübə proqramlarının təşkili, akademik sahədə püxtələşmiş informasiya texnologiyaları mütəxəssislərinin Akademiyanın tədris fəaliyyətinə cəlb edilməsi və digər maraq kəsb edən məsələlərə toxunub. O, tərəflər arasında imzalanacaq memorandumun əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə mühüm töhfə verəcəyini əminliklə qeyd edib.
“Prosol” QSC İdarə Heyətinin sədri Babək Ağayev Akademiyanın müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib. O, kibertəhlükəsizlik, kiberrisk, kibermüdafiə və kibermonitorinq xidmətləri sahəsində ixtisaslaşmış “Prosol” şirkətinin yaranma konsepsiyası və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Kibertəhlükəsizlik sahəsində nəzəri biliklərlə yanaşı, praktiki biliklərin də önəmini vurğulayan Babək Ağayev qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağına ümid etdiyini bildirib.
Müzakirələrdən sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və “Prosol” QSC İdarə Heyətinin sədri Babək Ağayev əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.
Memoranduma əsasən, tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili, həmçinin tələbələrin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərilməsi və s. məsələlər nəzərdə tutulub.
Daha sonra qonaqlar Akademiyada təhsilalanlar və ixtisasartırma kurslarında iştirak edən gömrük xidməti əməkdaşları üçün yaradılan şəraitlə, həmçinin yeni qurulan linqafon kabineti, müasir texniki nəzarət vasitələrilə təmin olunmuş auditoriyalarla tanış olublar.
Sevinc