Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov iyunun 10-da ABŞ-nin Azərbaycandakı səfirinin müavini Maykl Dikerson ilə görüşüb.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, qonağı salamlayan sədr müavini ölkəmizdəki multikultural və həmrəylik mühiti, dövlətin tolerantlıqla bağlı ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi siyasət və fəaliyyət, habelə Azərbaycan həqiqətləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan vəhdət və həmrəylik prinsiplərinin daim qorunmasına böyük səylə çalışır. Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini təhlükəsizliyin bərqərar olması dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur. S.Heydərov, eyni zamanda Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək şəkildə fəaliyyət göstərməyən bütün dini icmalara zəruri şəraitin yaradıldığını, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərildiyini vurğulayıb.
Görüş zamanı ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı ilə bağlı 2021-ci il üzrə hesabatına diqqət çəkən Komitə rəsmisi sənəddə 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə tarixi-dini abidələrin Ermənistan tərəfindən talana, vandalizmə, təhqirə məruz qalması, məhv edilməsi barədə faktların yer almasından məmnunluğunu dilə gətirib. Bununla yanaşı, hesabatda həqiqəti əks etdirməyən, real faktlara əsaslanmayan bir sıra qeyri-obyektiv məlumatların da yer almasından təəssüfləndiyini bildirib. Azərbaycan nümayəndə heyətinin 28-30 iyun tarixlərində Beynəlxalq Din Azadlığı Sammitində iştirak məqsədilə ABŞ-yə səfər edəcəyini xatırladan sədr müavini bu sahədə hazırlanan hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası ilə də görüşün keçirilməsinin labüdlüyünə toxunub.
Səmimi qəbula görə təşəkkürünü bildirən Maykl Dikerson Azərbaycanın zəngin dini tolerantlıq tarixinə malik olmasını, o cümlədən ölkəmizə rəğbətini dilə gətirib. Həmçinin keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək əməkdaşlığın və müzakirələrin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
Mehman