Aksiya çərçivəsində müxtəlif regionlardan olan 34 şəxsin müayinə-müalicəsi aparılıb
Newscenter.az təhsil ocağına istinadən xəbər verir ki, Azərbaycan Tibb Universiteti ölkəmizdə tibb üzrə yeganə ali məktəb olmaqla yanası, cəmiyyətə xidmət istiqamətində təmənnasız fəaliyyət də həyata keçirir. Bu fəaliyyət çərçivəsində iyunun 10-da Vətən müharibəsinin şəhid və qazilərinin ailə üzvləri üçün növbəti humanitar aksiya uğurla baş tutub.
Universitetin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü və Nəsimi rayon YAP təşkilatının dəstəyilə Tədris Cərrahiyyə Klinikasında şəhid və qazi ailələrinin üzvləri üçün göz müayinə-müalicə aksiyası keçirilib. Aksiya zamanı xəstələrin laborator müayinələrindən tutmuş, əməliyyat xərclərinə kimi lazım olan bütün vəsait universitet tərəfindən ödənilib.
Yüksəkixtisaslı həkim briqadasının iştirakı ilə baş tutan aksiyada 34 nəfər tam müayinə, xəstəlik aşkar olunduğu halda, yerindəcə müalicə edilib. Belə ki, 26 şəxsə ambulator müalicə təyin və uyğun eynəklər hədiyyə olunub. Onlara xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilib.
Aksiya zamanı ehtiyacı olanlar üzərində göz əməliyyatları da icra olunub. Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun sözlərinə görə, Azərbaycanın müxtəlif regionlarından - Ağdam, Lənkəran, Lerik, Quba, Qax, Qazax və s. rayonlardan olan səkkiz nəfər üzərində əməliyyat həyata keçirilib: “Əməliyyatlar Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və qazilərimizin anaları, övladları üzərində aparılıb. Şəkərli diabet diaqnozu qoyulan iki nəfərə göz dibində arqon lazer fotokoaqulyasiyası icra edilib. Altı şəhidimizin anasının gözündə isə katarakta əməliyyatı aparılıb. Bütün əməliyyatlar uğurla başa çatıb, xəstələr lazımi dərman preparatları ilə təmin olunublar. Biz Vətən müharibəsi şəhidlərinin ailələrinə və iştirakçılarına qulluq etməyə daim hazırıq”.
Qeyd edək ki, ATU rəhbərliyinin təşəbbüsü ilə müəyyən təbəqələrdən olan insanlar üçün pulsuz göz əməliyyatlarının keçirilməsi artıq ənənə halını alıb. Eləcə də hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü, həmçinin məşhur oftalmoloq, akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş humanitar aksiyalar çərçivəsində aztəminatlı ailələrdən olan tələbələr üçün pulsuz göz əməliyyatları keçirilir.
Sevinc