15 İyun − Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının fəallarının iştirakı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Newscenter.az xəbər verir ki, daha sonra AQTA sədri Qoşqar Təhməzli, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Azərbaycan xalqı üçün əlamətdar olan tarixi gün haqqında məlumat veriblər.
Qeyd edilib ki, məhz həmin tarixdə Ümumilli Lider Heydər Əliyev böyük fədakarlıq göstərərək, müstəqil və vahid Azərbaycan uğrunda çox çətin və məsuliyyətli, eyni zamanda tarixi missiyanı öhdəsinə götürüb, dahi rəhbər ölkəmizi düçar olduğu ağır böhrandan, məşəqqətli günlərdən xilas edərək, milli suverenliyə gedən böyük yolun siyasi konturlarını müəyyənləşdirib.
Vurğulanıb ki, bu gün Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın müstəqil dövlət kimi var olmasında böyük dönüş yaradan bu şanlı tarix hər birimizin qarşısında böyük vəzifələr, öhdəliklər və hədəflər müəyyənləşdirib.
Diqqətə çatdırılıb ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır və hər keçən gün bu ideyalar ətrafında YAP sıralarına böyük həvəslə qoşulan gənclərin sayı artır.
Çıxışlardan sonra II Qarabağ müharibəsində iştirak etmiş AQTA əməkdaşlarına və şəhid ailələrinin yaxınlarına YAP Nizami rayon təşkilatının təşəkkürnamələri, eyni zamanda YAP-a yeni üzv olmuş şəxslərə partiya vəsiqələri, eləcə də ictimai-siyasi fəaliyyətinə görə bir qrup şəxsə Fəxri fərmanlar təqdim edilib.
Ruhiyyə