Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi bir gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Çünki bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstəyi və qazanılan zəfər regionda yeni reallıqlar yaratdı.
Bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinin şahidi oldu. Bu baxımdan, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. Həmçinin, imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisidir. Eyni zamanda, Şuşa Bəyannaməsi Ermənistana və onun havadarlarına da mesajdır. Türk dünyasının iqtisadi, siyasi və mədəni birliyi bu bəyannamə ilə daha da sarsılmaz olacaq. Türkiyə və Azərbaycan arasındakı imzalanmış Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək.
Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Regionumuz bu iki türk dövlətinin təşəbbüsləri ilə inkişaf edəcək. Bu isə o deməkdir ki, gələcəkdə bölgədə süni münaqişələrin yaradılması və ya alovlandırılması da daha mümkün olmayacaq. Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır. Və Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi də tarixə düşəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqlarımızın milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki böyük liderdir.
Doğrudur, bu gün Türkiyənin Azərbaycanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Sındıra da bilmədi. Ən əsası isə, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki dövlət liderlərinin birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Və 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin işğaldan azad edilmiş Şuşada iki güclü liderlərin imzası ilə tarixi Şuşa Bəyannamisinin imzalanması və bu tarixi sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyinin göstəricisidir. Bu, həm də onu göstərir ki, tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri əbədi və sarsılmazdır.
Gəray Zeynallı
YAP Laçın rayon təşkilatının əməkdaşı