Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə arasında tarixi münasibətlərə əsaslanan Şuşa Bəyənnaməsi qardaşlığın rəmzidir

Azərbaycan və Türkiyə arasında tarixi münasibətlərə əsaslanan Şuşa Bəyənnaməsi qardaşlığın rəmzidir


Bu gün Azərbaycanla Türkiyə arasında artıq yeni, keyfiyyətcə daha müasir münasibətlər, strateji tərafdaşlıq formalaşmışdır. Azərbaycan XX əsrin əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşandan sonra müstəqil dövlət kimi ilk olaraq Türkiyə tərəfindən tanınmış və sonra diplomatik münasibətlərin qurulması və həmrəylik nümayişi iki ölkənin əlaqələrini bir millət, iki dövlət amalına çevirmişdir.

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı bu münasibətlər daha yüksək səviyyəyə çatdı. İki ölkə arasında mövcud olan qardaşlıq əlaqələri müharibənin qələbə ilə başa çatmasında mühüm rol oynadı.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə isə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuşdur. Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” qardaşlığın rəmzi olan bir Bəyyannamədir. Bu Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırmışdır.

Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynamışdır.

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edən Şuşa Bəyannaməsi həm də çoxşaxəli müttəfiqliyin rəmzidir.

Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıraraq, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olmaqla Şuşa və Şuşa ətrafının gözəl turizm imkanlarını daha da artıracaqdır.

Xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının Bəyannamədə öz əksini tapması isə bu müttəfiqliyin Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslandığını bir daha sübut edir. Həm də bunu tam əminliklə deyə bilirik ki, bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Çünki bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir.

Qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən də birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.

Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq var və bu əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər, o cümlədən Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Geosiyasi əhəmiyyətə malik olan bu nəqliyyat layihəsi reallığa çevrilir.

Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı və işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.

Bu gün xalqımız azad yaşayır, müstəqillik şəraitində yaşayır və biz Türkiyə dövlətindən qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.

Həbib Misirov
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri
Xəbəri paylaş