“Göygöl Rayon Mərkəzi Xəstəxanası”-nın baş həkimi Eldar Muradov bu gün vəfat edib.
Newscenter.az xəbər verir ki, bu barədə onun yaxın dostu hüquqşünas Əli İbrahimov məlumat verib.
Qeyd edək ki, Eldar həkim 3 may 1957-ci ildə anadan olub. 1975-1981-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb və oranı fərqlənmə ilə bitirib. 1979-1980-ci illərdə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasında və Respublika Kliniki Xəstəxanasında sanitar və feldşer vəzifəsində işləyib. 1981-1982-ci illərdə Gəncə şəhər 1 nömrəli Uşaq Xəstəxanasında internatura təhsili alıb.
1982-1983-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasında, 1983-1994-cü illərdə rayonun Balçılı kənd xəstəxanasında həkim-pediatr, 1994-cü ildən etibarən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışıb.
1986-cı ildə Kiyev Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, 1991, 1997, 2001-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Pediatriya üzrə təkmilləşdirmə kursu keçib.
1988-ci ildə Moskva şəhərində Həkimlərin Ümumittifaq Qurultayının, 1997-ci ildə Bakı şəhərində Türk Dövlətləri Pediatrların Qurultayının iştirakçısı olub. 2002-ci ildə poliomielit xəstəliyinin ölkədə ləğv edilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının gümüş medalı ilə təltif edilib.
Əli İbrahimov yaxın dostu və səmimi ağsaqqal həkim Eldar Muradovun vəfatından kədərlənir, mərhumun ailə və yaxınlarına dərin hüznlə başsağlığı verir.