"Çətin bir coğrafiyada yaşayırıq. Biz 40 ildir terrorla mübarizə aparırıq. İraq, Suriya, Balkanlarda və hazırda Qara dənizin şimalında yaşanan qeyri-sabitlik coğrafiyamızı əhatə edir".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım Şuşada "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Qarabağ məsələsi həll edildiyinə görə Cənubi Qafqazda əsas iş sülhün, sabitliyin bərpa olunmasıdır: "Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələ öz əksini tapıb. Bu sənədin müddəalarını yerinə yetirmək Ermənistanın boynunun borcudur və vəzifəsidir. Sülhün regional əməkdaşlığa, sabitliyə fayda verməsi üçün daha çox müzakirəyə ehtiyac var".