İyunun 16 -ı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında IX Qlobal Bakı Forumu işə başlayacaq. Dünya ictimaiyyətinin diqqətində olan və qlobal əhəmiyyətli mövzuların diskussiya mərkəzinə çevrilən “Bakı platforması” Prezident İlham Əliyevin 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən 30 sentyabr 2012-ci ildə Gəncə şəhərində keçirilmiş dahi şair Nizami Gəncəvinin 870 illik yubiley tədbirində təsis edilib. Qlobal Bakı Forumu müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertlərini öz ətrafında birləşdirir.
Prezident İlham Əliyevin səyləri nəticəsində bu illər ərzində davamlı şəkildə beynəlxalq müzakirələr platformasına çevrilən Qlobal Bakı Forumu hər il dünya dövlətləri qarşısında dayanan ən aktual məsələlər ətrafında ayrı-ayrı siyasətçilərin, ekspertlərin fikir mübadiləsi məkanına çevrilib. Öz növbəsində, bu kimi yüksək statusa malik olan tədbirlər həyata keçirən Azərbaycan daha bir arena vasitəsilə bölgədə baş verənlərlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır.
Bu il 9-cusu keçirilən Qlobal Bakı Forumu isə ölkəmiz üçün xüsusi tarixdə baş tutur. Son ilyarım ərzində Cənubi Qafqazda yaranan yeni geosiyasi mənzərə, sözsüz ki, bu forumun gündəliyində işıqlandırılmalı idi. Bu dəfə yeni yaranan vəziyyət və ölkəmiz qarşısında dayanan bir sıra çağırışlar, informasiya təbliğatı, Qarabağ və Şuşaya səfərlərbölgədəki reallıqların obyektiv qiymətləndirilməsi Bakı Forumu vasitəsi ilə ölkəmiz tərəfindən dünya ictimaiyyətinə çatdırılacaq.
Sabah başlayacaq Forumun gündəliyinə dünya qarşısında dayanan ən vacib mövzular daxil edilib. Gündəliyə Qlobal təhlükəsizlik quruculuğunun yenidən nəzərdən keçirilməsi və sülh perspektivləri, Hazırkı dövrdə enerji təhlükısizliyinə təhdidlər, Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma, Qlobal sağlamlığın təşviqi, Cənubi Qafqazda barış, əməkdaşlıq və inteqrasiya, Dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi, Yaxın Şərq və ərəb dünyasında sülh, sabitlik və inkişaf axtarışları, Qloballaşma və artan bərabərsizlik, İnsan hüquqları, demokratiya və XXI əsrdə yeni çağırışlar, Ərzaq təhlükəsizliyi, dünyada aclıq və yoxsulluq problemləri kimi vacib mövzular daxil edilib.
Xatırladım ki, Forumda 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, sabiq dövlət və hökumət başçılarının, gənc liderlər iştirak edəcəklər.
Beləliklə, Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsü nəticəsində nüfuzlu beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu Azərbaycanın dünyadakı nüfuzunu gücləndirməkdə davam edir, ölkəmizin nəinki regional miqyasda, hətta dünya miqyasında sayılıb-seçilən aktor olduğunu nümayiş etdirir.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov