15 iyun – Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yuriy Kovalyovun qızı Regina Kovalyovanın və 44 günlük Vətən müharibəsinin qazisi Denis Quzlayevin toy mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclərin nigah mərasimlərindən sonra çıxış edən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yuriy Kovalyovun qardaşı, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri Vitaliy Kovalyov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov ailə quran gəncləri təbrik ediblər, Azərbaycanda qazilərə, şəhid ailələrinə olan diqqət və qayğıdan danışıblar.
Sonra Azərbaycan Respublikasının Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov nazirlik tərəfindən qazilər və şəhid ailələri ilə bağlı görülən işlərdən bəhs edib və gənc ailəyə yeni mənzilin açarları təqdim edib.
Daha sonra toy mərasiminin rəsmi hissəsinə 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs qrupunun “Zəfər” rəqsi ilə yekun vurulub.
Toyda tanınmış müğənnilər, rəqs və ifa qrupları iştirak edib, sonda atəş-fəşanlıq olub.
Ruhiyyə