Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos Avropa Kosmik Agentliyinin (ESA) “Azo Space” inkubasiya mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Newscenter.az xəbər verir ki, bu əməkdaşlıq “Azo Space” inkubasiya mərkəzinin Yerin müşahidəsi və coğrafi informasiya xidmətlərinə dair həyata keçirdiyi proqramlarda ölkəmizin aktiv iştirak etməsinə imkan verəcək.
Əməkdaşlığın davamı olaraq Azərkosmos kosmik sahədə ixtisaslaşan, o cümlədən bu sahəyə marağı olan şəxsləri “Azo Space” mərkəzinin “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştirak etməyə dəvət edir.
“Copernicus Masters” proqramı Yerin müşahidə olunması haqqında məlumatların istifadəsi və onlar əsasında innovativ müsabiqələrin keçirildiyi platformadır. Bu platforma 2011-ci ildən etibarən hər il müsabiqələr elan edir və Yerin müşahidəsi, o cümlədən iqlim dəyişikliyi sahəsinə dair kreativ həllər və ideyalar üçün yeni imkanlar yaradır. Proqramın ümumi mükafat fondu 500.000 avrodan çoxdur və qaliblərə müxtəlif mükafatlar qazanmaq şansı verilir.
“AzoSpace” mərkəzinin Yerin müşahidəsi sahəsinin inkişafı üçün həyata keçirdiyi digər bir təşəbbüs “SpaceLeap” proqramıdır. Bu proqram Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycan üçün nəzərdə tutulub. Proqram üzrə seçilən üç qalibin hər birinə 5000 avro dəyərində mükafat təqdim olunacaq. Tərəfdaş ölkələr arasında Azərbaycanın Yerin müşahidəsi və coğrafi informasiya xidmətləri üzrə təcrübəsini, fəaliyyətini nəzərə alaraq sizi bu proqramlarda aktiv iştirak etməyə və Azərbaycanı qalib etməyə səsləyirik!
• “Copernicus Masters” proqramı haqqında məlumat: https://copernicus-masters.com/
• “SpaceLeap” təşəbbüsü barədə məlumat: https://copernicus-masters.com/challenges/esa-spaceleap-challenge/
• Qeydiyyat üçün keçid: https://copernicus-masters.awardsplatform.com
Proqramlara qoşulmaq üçün qeydiyyat müddəti 11 iyul 2022-ci il tarixinədək davam edəcək