Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Rusiya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub


Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunmuş görüş keçirilib. Newscenter.az xəbər verir ki, görüşdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiya Federasiyasının kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, iki ölkənin müvafiq strukturlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyd olunub ki, həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

Görüşdə Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə innovativ yeniliklər, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, Azərbaycan və Rusiya arasında kənd təsərrüfatında hazırki vəziyyət barədə müzakirələr aparılıb. Bildirilib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələr inkişaf edir.

Tədbirdə Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi, kənd təsərrüfatının müxtəlif sahələrində elmi tədqiqatların aparılması ilə bağlı təcrübə mübadiləsi məsələlərinə toxunulub. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.

Hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Sevinc
Xəbəri paylaş