Son zamanlar Dövlət Başçısının birbaşa rəhbərliyi və nəzarəti ilə ölkədə neqativ əməllər törədən məmurlara, korrupsioner vəzifə sahiblərinə qarşı çoxsaylı əməliyyatlar keçirilib. Rüşvətlə vətəndaşları və əməkdaşları bezdirən, kasıb-kusubun malına göz dikən, harınlıq edən məmurlar vəzifədən uzaqlaşdırılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Azərbaycan sovet rejimindən çıxıb. Sovet vaxtı korrupsiya baş alıb gedirdi. Ali məktəblərə və bütün Dövlət qurumlarına xidmətə qəbulu ona görə test üsuluna keçirtdilər ki, savadsız gənclər rüşvət verərək universitetlərə və Dövlət xidmətinə qəbul olurdular. Bilikli gənclər isə kənarda qalırdı. Ötən müddət ərzində korrupsiyaya qarşı mühüm addımlar atılıb, tədbirlər görülüb. Son dövrlərdə mübarizə daha da gücləndirilib və miqyası genişləndirilib. 44 günlük Vətən müharibəsindən sonra cənab Prezidentin, Ali Baş Komandanın reytinqi həm regionda, həm də dünyada həddindən ziyadə yüksəldi. Prezidentimiz dünyada ən reytinqli liderlərdən biridir. Ölkə rəhbəri bunu öz fəaliyyəti ilə sübuta yetirib.
Ancaq çox təəssüflər olsun ki, başda Kadr xidmətinin "baş biləni" olmaqla, onun bilavasitə təşəbbüsü ilə təyin edilən bəzi vəzifə sahibləri Prezidentimizə layiq deyil. Əvvəlki sistemə öyrəşmiş köhnə təfəkkürlü məmurlar yeniləşə, müasirliyə ayaq uydura bilmirlər. Vəzifə satmaq, qəsb eləmək, rüşvət almaq, özbaşınalığa yol vermək, əməkdaşların haqqını tapdalamaq, şər və böhtan atmaq, dəbdəbəli həyat onlar üçün adi vərdişə çevrilib. Sovet rejimində olduğu kimi Allahsız ideologiyanın təsirindən çıxa bilmirlər. Əlbəttə, belə məmurlardan tezliklə xilas olmaq şərtdir. Vətən və bayraq hissi güclü olan şəxslər idarəetmədə önə çəkilməlidir. İnanmıram ki, milli ruhlu insan rüşvətə bulaşsın. Çünki onlar fərqindədir ki, Vətən torpaqları şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına düşməndən azad edilib. Rüşvətxor məmur isə öz var-dövlətindən ötrü Vətəni də satar, torpağı da.
Əli İbrahimov-hüquqşünas