Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Limlə görüşüb. Görüş Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) yaradılmasının 20 illiyi münasibətilə Portuqaliyanın Lissabon şəhərində “EMSA-nın növbəti 20 il üzrə inkişaf yolu” mövzusunda keçirilən tədbir çərçivəsində keçirilib.
Newscenter.az xəbər verir ki, görüş zamanı Arif Məmmədov respublikamızda rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə həyata keçirilən islahatlar, o cümlədən bu islahatların tərkib hissəsi kimi cənab Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə 2021-ci ilin oktyabr ayında Dövlət Dəniz və Liman Agentliyinin yaradılması barədə məlumat verib. Qeyd edib ki, agentlik yarandığı gündən bir sıra islahatlara imza atıb. Bu çərçivədə dənizçilərə diplom və sertifikatların verilməsi prosesi sadələşdirilib, bu da onların əmək hüquqlarının qorunmasına və peşəkarlıqlarının artırılmasına töhfə verib. Eyni zamanda bu il Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərin hazırlığı sisteminin Beynəlxalq Dəniz Təşkilatının auditindən uğurla keçməsi agentliyin həyata keçirdiyi islahatların uğurunun göstəricilərindən biri olduğu bildirilib.
Beynəlxaq Dəniz Təşkilatı ilə əməkdaşlığın Azərbaycan üçün olduqca əhəmiyyətli olduğu, ölkənin dəniz nəqliyyatı sahəsinin inkişafına mühüm töhfə verdiyi və agentliyin bu münasibətlərin daha da genişlənməsində maraqlı olduğu vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanın milli dəniz nəqliyyatı strategiyasının, eləcə də “Yaşıl Səfər 2050” layihəsi çərçivəsində ölkəmizin milli fəaliyyət planının hazırlanması, dövlət liman və bayraq nəzarəti müfəttişləri, gəmilərin hərəkətini idarəetmə sisteminin operatorları və bələdçilərin təlimi ilə bağlı Beynəlxalq Dəniz Təşkilatının agentliyə dəstək göstərməsi məsələləri müzakirə edilib.
Tədbir çərçivəsində növbəti görüş Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylanla olub. İkitərəfli görüş zamanı agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə məlumat verib. Həmçinin görüşdə dəniz nəqliyyatı sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsi, dəniz nəqliyyatı əməliyyatlarının asanlaşdırılması, müvafiq sahə üzrə rəqəmsallaşdırma məsələləri ətrafında müzakirələr aparılıb. Eyni zamanda iki qurum arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, liman və bayraq nəzarəti müfəttişlərinin bilik və bacarıqlarının artırılması istiqamətində birgə layihələrin təşkili ilə bağlı razılıq əldə olunub.
Mehman