Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

APEPEA və ADAU əməkdaşlıq edəcək

APEPEA və ADAU əməkdaşlıq edəcək


Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi və tələbələri ilə görüş keçirib. Görüşdə assosiasiya ilə universitet arasında qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub, birgə fəaliyyətin quşçuluq sahəsində yerli mütəxəssislərin yetişməsində əhəmiyyəti vurğulanıb və sonda əməkdaşlıq memorandumu imzalanıb.

Newscenter.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov çıxışında bildirib ki, dünya əhalisinin sürətli artımı səbəbi ilə yaranan qlobal ərzaq qıtlığının qarşısının alınmasında kənd təsərrüfatının inkişaf etdirilməsi və məhsuldarlıq potensialının maksimum reallaşdırılması zəruri tədbirlərdəndir. Rektor qeyd edib ki, ərzaq təhlükəsizliyi hər zaman ölkə Prezidenti İlham Əliyevin birbaşa diqqətindədir, bu baxımdan Prezidentin bir il ərzində üç dəfə ADAU-da olması heç də təsadüfi deyil. Daha sonra assosiasiya ilə əməkdaşlığın tələbələrin təcrübə qazanmasında və gələcək karyeralarında önəmindən danışan İbrahim Cəfərov APEPEA nümayəndələrini universitetlərində qarşılamaqdan məmnun olduğunu bildirib, tələbələrə qazandıqları ixtisasın peşəkarı olmaq üçün daim araşdırmağı, özlərini inkişaf etdirmələrini tövsiyə edib.

Görüşdə APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli səmimi qarşılama üçün universitet rəhbərliyinə və tələbələrinə təşəkkür edib. Bu görüşün və əməkdaşlığın əsas təşəbbüskarlarından olan assosiasiya rəhbəri bildirib ki, ölkədə yerli mütəxəssislərin sayının artırılması aqrar sahənin əsas prioritetlərindəndir. Hazırda peşəkar, savadlı baytarlara, zootexniklərə ciddi ehtiyac var. Sahibkarlar işinin peşəkarı olan kadrlara çox yüksək ödəniş etməyə hazırdırlar. Buna görə də o, tədris prosesi ərzində ixtisasının nəzəri əsaslarını dərindən mənimsəmiş savadlı tələbələrə assosiasiyaya daxil olan şirkətlərdə təcrübə qazanmaq üçün əlindən gələn dəstəyi verməyə hazır olduğunu bildirib. O həmçinin qeyd edib ki, assosiasiyanın resursları eyni vaxtda 50 tələbəni təcrübə ilə təmin etməyə imkan verir və təcrübə keçən tələbələrə aylıq 500 AZN ödəniş nəzərdə tutulub.

Mürvət Həsənli son zamanlar dünyanın gündəmini zəbt edən qlobal ərzaq böhranı ilə bağlı da fikirlərini bildirib. Assosiasiya rəhbəri qeyd edib ki, ərzaq təhlükəsizliyi strateji əhəmiyyətli məsələlərindəndir və hər zaman ölkə rəhbərliyinin diqqətindədir. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev tərəfindən iki dəfə ərzaq təhlükəsizliyi üzrə dövlət proqramı qəbul olunub və uğurla icra edilib. O, hazırda assosiasiyanın fəaliyyət göstərdiyi sahədə yüksək məhsuldarlıq göstəricilərinin qeydə alındığını vurğulayaraq bildirib ki, süfrə yumurtası üzrə yerli istehsal daxili tələbatı 130 faiz ödəyir, hətta artıq BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və İsrail kimi ölkələrə yumurta ixrac etmək üçün razılıq əldə olunub. Quş ətinə olan tələbat da əsasən yerli istehsal hesabına təmin edilir.

Görüşdə ADAU-nun məzunu olmuş, özəl şirkətlərin birində baytar həkimi fəaliyyət göstərən İlqar Məmmədov və baytar həkim Əkbər Abdullayev də çıxış ediblər. Onlar bildiriblər ki, tələbə olduqları dövr ilə müqayisədə universitetdə indi çox şey dəyişib və inkişaf edib. Artıq universitetin balansında daha təkmil resurslar var və məlumatlar daha əlçatandır. Tələbələrin daha çox öyrənməyə və özlərini inkişaf etdirməyə daha böyük imkanları var. Ona görə də əzmkarlıq göstərmək və savadlı mütəxəssis kimi yetişmək tələbələrin öz əllərindədir.

Sevinc
Xəbəri paylaş