Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, müdrik dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olmuşdur. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur.
Ulu Öndər çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirmişdir.
Belə vəzifələrdən ən önəmlisi Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı olmuşdur. Belə ki, 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Bu tarixi hadisələr nəticəsində dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və gələcək uğurlu inkişafın təməlini qoydu.
"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır", - deyən Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyi və sabitliyin bərqərar olunmasına nail oldu.
Ulu Öndər özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi.
1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində ölkənin davamlı inkişafı təmin olundu. Müstəqillik illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Ulu öndərdə görürdü. Məhz ən kritik dönəmdə Ulu Öndər xalqın yanında oldu və özünün həyat fəlsəfəsini belə izah edirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib."
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan cənab İlham Əliyev onun ideyalarını layiqincə yerinə yetirərək ölkəmizin inklüziv inkişafı sahəsində inamlı islahatlar kursu həyata keçirir. 44 günlük Vətən müharibəsində mükəmməl əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan xalqı öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Müasir dövrümüzdə Prezident cənab İlham Əliyevin uğurlu fəaliyyəti dövlətçilik ənənələrinin qorunmasına, tarixi dəyərlərlə müasir çağırışların uzlaşdırılmasını təmin etməklə dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət göstərir. Digər tərəfdən, Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə - bölgədə güc mərkəzinə, dünya siyasətində qüdrətli və nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub.
Bu gün Azərbaycan Ulu öndərin dərin zəkası və siyasi müdrikliklə təməlini qoyduğu və görmək istədiyi müasir və müstəqil ölkə olmaqla yanaşı, dünya arenasında öz sözünü deyən, gücü və potensialı ilə etibarlı tərafdaşdır.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri