Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “IX Qlobal Bakı Forumu Prezident İlham Əliyevin Ermənistana növbəti açıq mesajı ilə yadda qaldı”

Jalə Əhmədova: “IX Qlobal Bakı Forumu Prezident İlham Əliyevin Ermənistana növbəti açıq mesajı ilə yadda qaldı”


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-dan 18-dək Bakıda keçirilmiş “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu siyasi aktuallığı ilə yadda qaldı. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparıldı.

Qeyd etmək lazımdır ki, tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Bu gün Qlobal Bakı Forumu beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən biri olan təhlükəsizlik mövzusu barədə açıq müzakirələrin aparılması üçün mükəmməl platforma olaraq çıxış edir.

Cənab Prezident İlham Əliyev tədbirdəki çıxışında beynəlxalq təşkilatların və ölkələrin ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamaları, enerji bazarlarındakı vəziyyət, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, iki ölkə arasında sülh razılaşması, Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl etməsi, Zəngəzur dəhlizinin açılması, Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi barədə məsələlərlə bağlı dəyərli fikirlər səsləndirdi.

IX Qlobal Bakı Forumu Prezident İlham Əliyevin Ermənistana növbəti açıq mesajı ilə yadda qaldı. Cənab Prezident bildirdi ki, Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş