26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə bir qrup media nümayəndəsi Müdafiə Nazirliyinin hərbi hissəsinə səfər edib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, səfərin əsas məqsədi yeni yaradılan Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsinin xidməti döyüş fəaliyyətinin təşkili, eləcə də orada Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olmaqdır.
“N” saylı Komando hərbi hissəsində bütün obyektlər müasir tələblərə uyğun inşa edilib, lazımi avadanlıq və inventarlarla təchiz olunub. Burada xidməti döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili və asudə vaxtın səmərəli keçirilməsi üçün müvafiq şərait yaradılıb.
Yaradılan şərait döyüş hazırlığı planına əsasən, komandolarla yüksək səviyyədə intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir.
Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınmaqla, türkiyəli peşakar zabitlərin iştirakı ilə komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və praktiki vərdişlərin təkmilləşdirilməsi təmin edilir.
Hərbi hissədə media nümayəndələri komadoların ağır hərbi təlimlərini izləyib. Təlim düşmənin şərti yüksəkliklərdə komanda məntəqələri və obyektlərini ələ keçirmək, basqı-pusqu yolu ilə düşmənin məhv edilməsi, snayper atışları, maneələrı aşmaq, dağlıq ərazilərdə döyüş aparmaqdan ibarət olub.
Hərbi hissənin ideoloji iş, mənəvi və psixoloji təminat üzrə müavini mayor Faiq Şükürov “Report”a bildirib ki, Ali Baş Komandan İlham Əliyevin göstərişi əsasında yeni-yeni Komando hərbi hissələr yaradılmaqdadır.
O qeyd edib ki, hər gün hərbi qulluqçulara intensiv təlimlər və məşqlər keçirilir: “Bizim hərbi hissə Ali Baş Komandanın rəhbərliyi altında istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Azərbaycan xalqı əmin ola bilər ki, ordumuz günü-gündən inkişaf edir. Valideynlərə sözüm budur ki, onların övladları etibarlı əllərdədir. Onların Azərbaycan Ordusunun sıralarında xidməti üçün düzgün və sağlam şərait yaradılıb. Əgər kimsə komando sıralarına qatılmaq istəyirsə, buyursun gəlsin. Çünki bu gün komandolar Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı altındadır. Sadəcə, bizə şərəflə torpaqlarımızın keşiyində durmaq qalır”.
F.Şükürov deyib ki, yaxın günlərdə Azərbaycan Ordusunun komandolarını ciddi təlim gözləyir: “Təlimlərin əsas məqsədi ordumuzun döyüş hazırlığını yüksələn xətt üzrə inkişaf etdirməkdir. Təlimlərə düşmənin şərti yüksəkliklərdə komanda məntəqələri və obyektlərini ələ keçirmək, basqı-pusqu yolu ilə düşmənin məhv edilməsi, atışlar və digər məsələlər daxildir. Nəzərdə tutulur ki, komandolarımızı beynəlxalq təlimlərə də cəlb edək”.
Daha sonra media nümayəndələri əsgər yeməkxanasında olub. Burada hərbi qulluqçulara təzə və yüksək kalorili qida, eləcə də digər təminat növləri ilə tam təmin edilir.
Hərbi hissənin təlimatçı-baş aşpazı, baş gizir Adilxan Məmmədovun sözlərinə görə, Ali Baş Komandanın xüsusi diqqət və qayğısı sayəsində komandoların qidalanması daima nəzarətdə saxlanılır. O söyləyib ki, burada hər günün öz yemək çeşidləri mövcuddur: “Əsgər və zabit heyətinə gün ərzində 6, bəzən də 7 çeşiddə yemək verilir. Məsələn, naharda bir əsgər və ya zabit norma olaraq 1-ci yemək - sulu yemək 546-600 qram, 2-ci yemək – 2 növ quru yemək 350+350 qram, eyni zamanda, 250 qram mal əti qəbul edir. Bunlardan başqa, komandolarımıza meyvə şirələri, bişmiş kompotlar və şirniyyatlar verilir”.
Həmçinin jurnalistlər hərbi hissənin müasir tələblərə cavab verən yeni əsgər yataqxanasına, eyni zamanda, sinif otaqlarına baş çəkib. Təbii ki, burada da komandoların məişət şəraitinin yaxşılaşdırması istiqamətində irimiqyaslı işlər görülür və bu istiqamətdə fəaliyyətlər davam etdirilir.
Komando mənsubu leytenant Cavid Mustafayev bildirib ki, üç ildir zabit kimi xidmət edir. Gənc zabit onları qarşıda gözləyən ciddi hərbi təlimlərdən danışıb: “Daha əvvəl Türkiyədə keçirilən komando təməl kursunda olduq. İndi isə paraşüt və dağçılıq kurslarına qatılacağıq. Bu təlimlərin hər birimizə müsbət təsiri var. Fiziki hazırlıq baxımından digər hərbi qulluqçulardan fərqlənirik. Eyni zamanda, düşmənin istənilən təxribatının qarşısını almağa daim hazırıq. Mən özüm də 44 günlük Vətən müharibəsi iştirakçısıyam. Cənab Ali Baş Komandan İlham Əliyev mənim xidmətimi yüksək qiymətləndirərək “Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edib.
İkinci Qarabağ müharibəsində yaxın dostlarım şəhid oldu. Döyüş yoldaşım, şəhid Hafiz Qasımovu itirmək mənə çox təsir etdi. Digər xidmət yoldaşlarım - Güloğlan Qədimovla Səttar Piriyev də qəhrəmancasına şəhid oldular. Allah bütün şəhidlərimizə rəhmət etsin! Şükürlər olsun ki, halal torpaqlarımızı düşməndən azad etdik və şəhid qardaşlarımızın qisasını aldıq".
Komando taqım komandiri leytenant Sarvan Salmanlı da Vətən müharibəsində keçdiyi döyüş yolundan söz açıb. O qeyd edib ki, müharibə başlayanda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) kursant olub: "Müharibə başlayanda mənə “kiçik leytenant” rütbəsi verildi və döyüşlərə qatıldım. Zəngilan və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm”.
“Üç ay əvvəl Azərbaycan Ordusunun komando hərbi qulluqçusu kimi bu hərbi hissəyə göndərildim. Gəldiyim gündən indiyədək bir neçə hərbi təlimlərdə iştirak etmişəm. Döyüş hazırlığımızın yüksək səviyyədə olması üçün təlimlərin keçirilməsi önəmlidir. Yaxın günlərdə bütün istiqamətlərdə şərti düşmən arxasına sızma və orada əlaqə yollarının kəsilməsi ilə bağlı kəşfiyyat xarakterli təlimlərdə iştirak edəcəyik. Bu təlim çətin olsa da, qürurludur. Hərbi hissədə məşq, döyüş hazırlığı və qidalanmağımız üçün hər cürə müsbət şərait yaradılıb".
Komandoların döyüş hazırlığı davam edir. Şüar isə belədir: "Görünmədən görmək, ölmədən öldürmək!"...