Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov Türkiyə Prezident Kitabxanasının ev sahibliyi etdiyi 36-cı CENL illik iclasında iştirak edir. CENL Avropanın 45 ölkəsindən milli kitabxanaların üzv olduğu bir kitabxana təşkilatıdır. Hər il fərqli bir ölkədə keçirilən iclasa bu il Türkiyə ev sahibliyi edir.
Newscenter.az xəbər verir ki, konfransı CENL sədri Frank Scholze açaraq tədbirin yüksək səviyyədə təşkil edilməsində əməyi keçən bütün heyətə öz təşəkkürünü bildirib. Ardınca Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş bütün iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.
Daha sonra 2021-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilən 35-ci CENL illik iclasının protokolu və CENL illik hesabatı müzakirə edilib. Ardınca CENL maliyyə hesabatı və növbəti il üçün CENL büdcəsi müzakirə edildi, səsverməyə qoyuldu və yekdilliklə qəbul olundu.
Sonra IFLA prezidenti Barbara Lison “Milli kitabxanaların cəmiyyət üçün aktuallığı” mövzusunda çıxış edib. Daha sonra Vernadski adına Ukrayna Milli Kitabxanası, Monteneqro Milli Kitabxanası, Çex Respublikası Milli Kitabxanası və Lüksemburq Milli Kitabxanasının nümayəndələri çıxış ediblər.
Sonda konfrans iştirakçıları xatirə fotosu çəkdirib.
Konfrans öz işini sabah davam edəcək.
Konfransa növbəti il Fransa Milli Kitabxanası ev sahibliyi edəcək.
XXX
Qeyd edək ki, Ankarada Prezident Kitabxanasında keçirilən Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatının 36-cı illik toplantısında Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edib. O, bütün iştirakçıları salamlayıb, Azərbaycan Milli Kitabxanasının son illərdə Azərbaycanın milli mənəvi dəyərlərinin mühafizəsi istiqamətində Mədəniyyət Nazirliyi ilə birgə, Heydər Əliyev Fondunun fəal dəstəyi ilə həyata keçirdiyi layihələrdən bəhs edib. Direktor bu layihələr sırasında son illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılan və bir vaxtlar müxtəlif yollarla ölkəmizdən xaricə daşınmış mənəvi dəyərlərimizin Azərbaycana qaytarılmasına yönələn “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dahi şairlərimiz Nizaminin, Nəsiminin, Xətainin, Tusinin və digərlərinin dünya kitabxanalarında mühafizə olunan əlyazmalarının digital nüsxələrinin respublikaya gətirilməsindən söz açıb.
Eyni zamanda fürsətdən istifadə edərək ötən il dahi Nizaminin qiymətli əlyazmalarının digital nüsxələrini Azərbaycan Milli Kitabxanasına təqdim etdiklərinə görə Türkiyənin, Almaniyanın, Böyük Britaniyanın, Çexiyanın, Albaniyanın, Avstriyanın, Macarıstanın və digər avropa ölkələrinin milli kitabxana direktorlarına öz təşəkkürünü bildirib.
Professor Kərim Tahirov çıxışının sonunda gələn ilin payızında Bakıda Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını bildirərək, bütün CENL üzvü olan milli kitabxana direktorlarını 2023-cü ilin payızında keçiriləcək yubiley təntənələrində qonaq qismində iştirak etmək məqsədilə Bakıya səfərə dəvət edib. CENL-in prezidenti, Almaniya Milli Kitabxanasının baş direktoru Frank Scholze professor Kərim Tahirova dəvət üçün təşəkkürünü bildirərək dəvəti məmnuniyyətlə qəbul etdiklərini söyləmiş və əvvəlcədən ona və kollektivinə uğurlar arzulayıb.
Bununla da CENL-in illik toplantısı başa çatıb.
Mehman