Bu gün bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhər ərazisində, Müslüm Maqomayev küçəsi ev 56 ünvanında yerləşən binanın damında tikinti işlərinin aparılmasına dair məlumatlar paylaşılıb.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 nömrəli Qərarına və ona edilmiş əlavələrə əsasən sözügedən bina tarixi abidə statusu daşımayan xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasıdır.
"Məlumat üçün bildiririk ki, ikimərtəbəli qeyri-yaşayış binası 2000-ci illərin əvvəllərində tikilmiş və Qoruq İdarəsi yaradıldıqdan sonra binaya heç bir konstruktiv əlavə və dəyişiklik edilməyib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırır ki, 16.07.2021-ci il tarixində İdarəyə mülkiyyətçinin binanın damında təmir işlərinin aparılması üçün müraciəti daxil olmuşdur. Rəsmi müraciətə əsasən binanın dama çıxan pilləkən qəfəsinə yüngül metal-şüşə materialdan, məhəccərlərinə isə təhlükəsizlik baxımından ümumi mənzərəni pozmamaq şərti ilə şəffaf şüşə materialdan konstruksiyaların quraşdırılmasına razılıq verilib".
Məlumatda o da qeyd edilib ki, işlər razılaşdırılmış layihə sənədləri əsasında İdarənin mütəxəssislərinin nəzarəti altında aparılır:
"Binanın terrasında hər hansı bir ictimai-iaşə obyektinin fəaliyyət göstərməyinə dair Qoruq İdarəsinə icazə üçün müraciət daxil olmamışdır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir daha tariximizin və mədəniyyətimizin nadir incisi olan İçərişəhərin və onun abidələrinin qorunmasına biganə olmayan hər bir kəsə təşəkkür edir".
NEWSCENTER.AZ