Böyük dövlətlərin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avrasiya uğrundakı mübarizəsi Latın Amerikası qitəsinə də sıçrayıb. ABŞ Cənubi Amerikaya diqqətini artırmağa qərar verib. Bir neçə gün əvvəl Amerikanın Los-Anceles şəhərində “Amerika sammiti” keçirilib. Tədbirdə ev yiyəsi ilə yanaşı Cənubi Amerika ölkələri dəvət olunublar. Buna baxmayaraq, tədbirdə 4 dövlətin - Kubanın, Venesuellanın, Nikaraquanın və Meksikanın liderləri iştirak etməyiblər. Birinci 3 dövlətin ABŞ-la münasibətləri gərgindir. Bu aydındır. Meksika prezidenti Andres Nauel Lopesin sammitə qatılmaması isə suallar doğurub. Demək Meksika da Amerikanın regional siyasətindən narazıdır.
Toplantıda çıxış edən ABŞ prezidenti Co Bayden cənub qonşularıyla iqtisadi əməkdaşlığın genişləndirilməsini hədəf götürən yeni plan təqdim edib. ABŞ Latın Amerikası ölkələrinə iqtisadi yatırımlarını artırmağa qərar verib. Bu səbəbsiz deyil. Son illərdə ABŞ-ın iki əsas rəqibi – Rusiya və Çin Latın Amerikası ölkələri ilə əməkdaşlıqlarını genişləndiriblər. Vaşinqton buna mane olmağa çalışır. Ancaq Ağ Ev üçün çətin olacaq. Çünki Çinin Mərkəzi və Cənubi Amerika ölkələri ilə ticarətin həcmi ABŞ-ı xeyli üstələyib. Çinin 2021-ci ildə Cənubi Amerika ölkələri ilə ticarət mübadiləsinin həcmi 247 milyard dollar olub. ABŞ-ın isə eyni ildə Cənubi Amerika ölkələri ilə ticarət mübadiləsinin həcmi isə 174 milyard dollar olub. Halbuki, 5 il əvvələ qədər rəqəmlər eyni idi. Vaşinqtonun bu reallığı dəyişdirmək üçün resursları azdır. Çinin layihələr Latın Amerikası ölkələri üçün daha cəlbedicidir.
Bayden çıxışında Cənubi Amerikada demokratik institutların gücləndirilməsi vacibliyini qeyd edib. Ancaq Cənubi Amerikanın kasıb və orta inkişaf etmiş ölkələrini demokratiyadan çox maliyyə dəstəyi və ticarət həcminin artırılması düşündürür. Əgər Vaşinqton bu istiqamətdə irəliyə bilməyəcəksə, Çin gerisində qalacaq.
Digər tərəfdən kasıblaşan Cənubi Amerika ölkələrinin sakinlərinin bir qismi Amerikaya üz tutublar. Bu ABŞ üçün miqrant problemini dərinləşdirir. Bayden kiçmiş prezident Donald Trampdan fərqli olaraq miqrantların yolunu kəsmək istəmir, ancaq “açıq qapı” siyasəti Amerikada narazıların sayını artırır. Bayden miqrant axının çox olduğu Hondurasa, Qvatemalaya və Salvadora 2 milyard dollar dəstək vədi verib. Bayden bu ölkələrdə həyat şəratinin yüksəldilməsi yolu miqrantların sayının azalmasına ümid edir. Ancaq bu ölkələr uzun onilliklərdir ağır vəziyyətdədirlər və 2 milyard dollarla 3 kasıb dövlətin sosial və iqtisadi problemlərini həll etmək çətindir.
Bayden sammit çərçivəsində Braziliya prezidenti Jair Bolsonaru ilə ayrılıqda görüşüb. Bununla Bayden Braziliyanın ABŞ üçün xüsusi əhəmiyyəti daşıdığını vurğulamaq istəyib. Braziliyada oktyabr ayında prezident seçkisidir və Bolsanarunun məğlub olmaq ehtimalı var. Braziliyada solçu Lusi Silvanın yenidən prezident seçilmək şansı var. Sol düşərgənin nümayəndələrinin isə ABŞ-a münasibəti müsbət deyil.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri