Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya XİN- in regionla bağlı açıqlamaları nəyə hesablanıb?

Rusiya XİN- in regionla bağlı açıqlamaları nəyə hesablanıb?

"Rusiya ən yaxın vaxtda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını keçirməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Biz mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın birinci iclasının keçirilməsini alqışlamışıq. İkinci görüşün Moskvada keçirilməsi razılaşdırılıb. Biz öz tərəfimizdən bu görüşü ən yaxın vaxtda təşkil etməyə hazırıq. Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımızdan görüşün tarixi ilə bağlı təkliflər gözləyirik", - o vurğulayıb.

Zaxarova, həmçinin söyləyib ki, Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır. Buna görə də, imkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarsın”.

O vurğulayıb ki, Rusiya üç dövlət liderinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsi üçün əlindən gələni edəcək: “3+3” konsultativ regional platformanın ikinci iclasının keçirilmə vaxtı və yeri razılaşdırılır. Bu məlumatı təşkilatçı dövlətin təqdim etməsini daha düzgün hesab edirik”, - XİN sözçüsü əlavə edib.

Əvvəllər də dediyimiz kimi, Rusiya Cənubi Qafqaz məsələsində fəallaşıb. Bu, təsadüfi deyil. Birincisi, Kreml Avropa İttifaqının vasitəçiliyindən və Brüsseldə keçirilən üçtərəfli görüşlərin effektivliyindən narahatdır. Moskva regiondakı təsir gücünün azaldığını hiss edir. Ona görə də yenidən “sükan arxasına keçmək” istəyir. Bunun üçün hətta regionda müəyyən inkişafa da razıdır. Bir şərtlə ki, proseslər öz nəzarətində olsun və istədiyi vaxt tormuzlada bilsin. XİN sözçüsünün sərhədin delimitasiyasına dair ikinci görüşə ev sahibliyi etməyə hazır olduğunu bəyan etməsi də bu baxımdan qiymətləndirilməlidir.

İkinci bir tərəfdən, şimal qonşumuz getdikcə sivil dünyadan təcrid olunur, müttəfiqlərini itirir. Odur ki, heç olmasa, qonşuları ilə münasibətlərini "isti" saxlamağa çalışır.

Üçüncüsü, indi Rusiyanın qonşularının, xüsusilə artıq nəinki regional, həm də beynəlxalq siyasi aktor olan Azərbaycanın dəstəyinə ehtiyacı var. Ona görə də Moskva Bakının maraqlarının təmin olunmasına çalışır. Yəni səslənən bəyanatlar heç də təsadüfi deyil. Rusiya ikitərəfli sərhəd komissiyasının ikinci iclasına ev sahibliyi etmək üçün tələsir. Bu, Kremlin əsas "kartlarından" biridir. Moskva yaxşı başa düşür ki, ən qısa vaxtda bu görüşə ev sahibliyi etməsə, regiondakı təsir gücü tamamilə azalacaq.

Zaxarovanın "münasibətlərin normallaşmasında hamıdan çox maraqlıyıq" açıqlaması, əlbəttə, səmimi deyil. Doğrudur, indi bu, müəyyən mənada Rusiyanın maraqları çərçivəsində ola bilər. Amma Ukraynadakı vəziyyət Rusiyanın xeyrinə dəyişən kimi, ritorika da dəyişəcək. Biz belə manevrləri əvvəllər də görmüşük. XİN sözçüsü "ayrı - ayrı kənar oyunçular" dedikdə, sözsüz ki, Qərbi nəzərdə tutur. Zaxarovanın fikrinə görə, Qərbin vasitəçiliyi proseslərin dinamik inkişafına mane olur. Əlbəttə, bu da Aİ- yə olan qəzəbin təzahürüdür.

Nazirlik nümayəndəsinin altılıq platforması ilə bağlı səsləndirdiyi bəyanat da bir daha göstərir ki, Rusiya ən azından regiondan təcrid olunmaq istəmir.

Yəqin, bundan sonra da oxşar açıqlamalar veriləcək. Biz hazırkı situasiyadan, o cümlədən Rusiyanın siyasi ehtiyaclarından öz maraqlarımız naminə istifadə etməliyik. Çünki müharibədən sonra hazırkı şəraitdə və imkanlar olmayacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş