Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fəxrəddin Altun: BMT-nin yenidən qurulmasına ehtiyac var

Fəxrəddin Altun: BMT-nin yenidən qurulmasına ehtiyac var


Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən "Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası İslahatı: Beynəlxalq Nizamın Yenidən Qurulmasına Yeni Bir Baxış Paneli"nin iştirakçılarına video müraciət edib.

Newscenter.az xəbər verir ki, Altun BMT-nin 1945-ci ildə İkinci Dünya Müharibəsinin yaratdığı dağıntı və təxribatlardan sonra dünyada belə səviyyədə dağıdıcı müharibələrin yaşanmaması üçün Türkiyənin də qurucu üzv olaraq aralarında olduğu 51 ölkə tərəfindən təsis edildiyini xatırladıb.

Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması və qorunub saxlanmasının təşkilatın ən başlıca məqsədi kimi müəyyən edildiyini bildirən Altun üzv sayı 193-ə çatan BMT-nin qlobal miqyasda qurulan təşkilatlar arasında güclü və hüquqi öhdəliyi ilə ən təsirli qurum kimi önə çıxsa da xüsusilə soyuq müharibədən sonrakı dövrdə böyük humanitar fəlakətlərin qarşısını almaq üçün konkret həll yollarını inkişaf etdirmədiyini, sülh və təhlükəsizliyin qorunmasında təsirli rol oynaya bilmədiyini bildirib.

Keçmişdə Bosniya-Hersoqovina, Ruanda, Suriya və Kosovoda yaşanan insanlıq faciəsinin qarşısını almaqda aciz qalan təşkilatın son olaraq Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi və hələ davam edən hücumları zamanı da oxşar çarəsizlik nümunəsi nümayiş etdirdiyini vurğulayan Altun bunları qeyd edib:

“BMT, təbii ki dünyada sülh və sabitliyə töhfə verib və uzun illər müxtəlif coğrafiyalarda sabitləşdirici güc kimi mövcud olub. Lakin son 30 ildə dünya siyasətində baş verən proseslər və qüvvələr balansının dəyişməsi qarşısında təşkilat özü üçün gözləntiləri doğrulda bilməyəcək bir hala gəlmişdir. Sülh və təhlükəsizliyin qorunması üçün yaradılan BMT-nin beynəlxalq ictimaiyyətin bu mənadakı gözləntilərini doğrulda bilmədiyi məlumdur. BMT günümüzdə artıq sabitləşdirici funksiyasını yerinə yetirə bilməyəcək hala gəlmişdir.”

Altun təşkilatın dünya sülhünü və sabitliyini təhdid edən bu hadisələr qarşısında kifayət qədər təsirli və tutarlı rol oynamaqdan uzaq olmasının onun beynəlxalq ictimaiyyət qarşısında etibarını və nüfuzunu azaltdığını da ifadə edib.

BMT-nin islahat səylərinin hər zamankından daha sıx şəkildə müzakirəyə layiq olduğunu və BMT-nin necə bir qurum olması ilə bağlı təkliflərə ehtiyac duyulduğunu qeyd edən Altun bütün bunların sadəcə danışılmalı olmadığını və həyata keçirilməsinin lazım olduğunu söyləyib.
Beynəlxalq sülh və təhlükəsizliyin daha güclü bir şəkildə qorunması üçün yeni bir BMT dizayn edilməsinin lazım olduğunu vurğulayan Altun "Türkiyə olaraq bu çərçivədəki təklifi uzun müddətdir dilə gətirir və bütün ölkələrin müzakirəsinə açırıq. Həll təklifimiz isə "Dünya beşdən böyükdür" ifadəsində özünü əks etdirən, BMT Təhlükəsizlik Şurasının strukturunun dəyişdirilməsini mərkəzə alan bir perspektivin hakim olunmasıdır.”, - deyib.

Ədalətli və daha davamlı qlobal sülhü təmin etmək üçün multikulturalizmi əks etdirən bir BMT-yə ehtiyac olduğuna diqqət çəkən Altun BMT Təhlükəsizlik Şurasının qitələri, inancları, kökləri və mədəniyyətləri mümkün olan ən ədalətli şəkildə təmsil edəcək bir struktura sahib olacaq şıkildə yenidən qurulmasının həll və qlobal sülhün təmin edilməsi üçün inqilabi bir addım olacağını ifadə edib.

Altun "Cənab Prezidentimizin dediyi kimi, bütün dünyanın taleyinə təsir edəcək mövzularda sadəcə beş ölkənin qərar verməsi nə əxlaqi nə də ədalətlidir. Dünya beş ölkədən böyükdür. Çoxqütblü, çoxmərkəzli, çoxmədəniyyətli, daha əhatəli və ədalətli bir dünya inşa etmək mümkündür. BMT-nin qlobal sülh, firavan və ədalət idealları çərçivəsində “Daha ədalətli bir dünya mümkündür” çağırışına uyğun şəkildə yenidən qurulmasına ehtiyac var.", - deyə bildirib.
Xəbəri paylaş