Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycan Respublikasının regionda gündən-günə güclənməsi və beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ulu öndərimiz Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə yüksəlir. Bu gün inamla demək olar ki, respublikada müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi yaradılmış, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilmiş, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün bütün zəruri təsisatlar yaradılmışdır.
Cəmiyyətdə sosial ədaləti və cəmiyyət üzvlərinin layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün hüquqmühafizə orqan əməkdaşları qarşısında geniş imkanlar açmışdır. Burada hüquqmühafizə orqan əməkdaşlarının təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynayır. Ümumiyyətlə, hüquqmühafizə orqan əməkdaşları təkcə geniş səlahiyyətlər deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Bu işdə çalışanlardan rəhbərlik etdiyi sahəni dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, dövlətlə xalq arasında əlaqələndirici vasitə kimi xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Ona görə də bütün dünyada hüquqmühafizə orqan əməkdaşları xüsusi nüfuza malikdir. Hüquqmühafizə orqan əməkdaşları heç vaxt unutmamalıdır ki, onlar funksiyalarını icra edərkən ilk növbədə dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir. Çünki hüquqmühafizə orqan əməkdaşlarının andında onun üzərinə götürdüyü öhdəliklər aydın və konkret ifadə olunmuşdur. Orada deyilir: "Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, Dövlətin mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanuna uyğun surətdə, var gücümlə və Vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm".
Hüquqmühafizə orqan əməkdaşları bütün fəaliyyətinin müvafiq qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənməsinə baxmayaraq onun prinsipiallığından, işgüzarlığından və səriştəsindən də çox şey asılıdır. Qanunların icrası lazımınca təmin edilməli, qanunlar işləməli, real həyatda onlara əməl olunmalıdır. Bu baxımdan hüquqmühafizə orqan əməkdaşları üzərinə xüsusi məsuliyyət düşür. Vaxtilə Almaniya kansleri Bismark göstərirdi ki, pis qanunlarla dövləti yenə bir təhər idarə etmək olar, ancaq pis məmurlar olarsa, onda heç bir qanun kömək etməz. Ona görə də hər bir əməkdaşın əsas cəhətlərindən biri yüksək keyfiyyətli və mütəşəkkil hüquqmühafizə orqan əməkdaşları kontingentinin olmasıdır. Çünki cəmiyyətdə öz funksiyanal vəzifə borcunu həyata keçirən əməkdaş dövlətlə xalq arasında mühüm vəsilə olaraq ölkə rəhbərliyinin siyasi xəttini ardıcıl həyata keçirməkdə yaxından iştirak edirlər.
Dövlətimizin başçısı cənab İlham Əliyevin hüquqmühafizə orqan əməkdaşları qarşısında qoyduğu əsas tələblərdən biri budur ki, onlar xalqa xidmət etməli, xalqın qayğıları ilə yaşamalıdırlar. Cənab Prezident deyir: "İstər ölkə prezidenti olsun, istər icra hakimiyyətinin başçısı olsun, hansısa başqa sahəyə rəhbərlik etsin, hər bir rəhbərin vəzifəsi ondan ibarətdir ki, mövcud olan problemləri aradan qaldırsın və insanları narahat edən məsələləri həll etsin".
Əli İbrahimov-hüquqşünas