Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO sammitində mühüm qərarlar qəbul edilə bilər

NATO sammitində mühüm qərarlar qəbul edilə bilər


Məlum olduğu kimi, iyunun 28-30-da İspaniyanın paytaxtı Madriddə NATO-nun dövlət və hökumət başçıları səviyyəsində sammiti keçiriləcək. Sammit iştirakçıları yeni strateji konsepsiya qəbul edəcək, ittifaqın gücləndirilməsini və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoru üçün təsirlərini nəzərdən keçirəcəklər. Alyansın Baş katibi Yens Stoltenberq toplantı barədə İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. O, deyib ki, NATO-ya üzv ölkələr Madrid sammitində Ukraynaya tam yardım paketi ilə bağlı razılığa gələcək: “Madrid sammiti NATO üçün həlledicidir. Bu, bir çox səbəblərə görə tarixi sammit olacaq. İlk növbədə ona görə ki, 30 müttəfiq ölkə Avropada İkinci Dünya müharibəsinin bitməsindən sonra ən ciddi təhlükəsizlik böhranını müzakirə etmək üçün toplaşacaq və bu məsələ ətrafında birləşəcək”.

Baş katibin sözlərinə görə, sammit zamanı bir çox mühüm qərarlar qəbul ediləcək: “İttifaqımızın gələcəyi üçün bələdçi olan yeni strateji konsepsiya təsdiqlənəcək. Biz Ukraynaya tam yardım paketini razılaşdıracağıq. Biz, həmçinin İspaniya və digər cənub müttəfiqləri üçün xüsusilə vacib olan cənub cinahı ilə bağlı mühüm qərarlar qəbul edəcəyik. Əlbəttə, diqqət mərkəzində Rusiya və Ukraynadır. Amma Şimali Afrikada və Sahel bölgəsində terrorizm və ya qeyri-sabitlik də daxil olmaqla digər təhlükələri unutmamalıyıq. Buna görə də biz cənub ölkələri ilə əməkdaşlıq səylərimizi gücləndirəcək və terrorizmlə mübarizə, sərhəd nəzarəti və müdafiə və təhlükəsizliyini gücləndirmək üçün Mavritaniyaya yeni dəstək paketi ilə bağlı razılaşacağıq”.

Böyük ehtimalla NATO-nun sammitində Ukrayna ilə bağlı mühüm qərarlar qəbul ediləcək. Baş katibin dediyi kimi, Kiyevə dəstəyin artılması mümkündür. Bu, müharibəni mümkün qədər uzatmaq və Rusiyanı zəiflətmək üçündür. Müsahibə zamanı Stoltenberqin “savaş danışıqlar masası arxasında bitəcək və biz Kiyevin mövqeyinin güclü olması üçün dəstəyimizi davam etdirəcəyik” deməsi də bu konteksdən qiymətləndirilməlidir. NATO üçün müharibənin hansı yolla bitəcəyinin əhəmiyyəti yoxdur. Vacib olan Alyansın məqsədinə çatması və Kremlin idarəolunan duruma salınmasıdır.

NATO-nun qəbul edəcəyi bəzi qərarların Kremli qıcıqlandırmağa hesablanması mümkündür. Nəzərə almaq lazımdır ki, savaşın başlanması da məhz Alyansın “başının altından çıxmışdı”. Müharibəyə səbəb NATO-nun şərqə doğru genişlənməsi olmuşdu. Ola bilsin, NATO yenə Ukrayna ssenarisini təkrarlasın. Məsələn, bu dəfə Rusiyanı bir az da aqressivləşdirməkdən ötrü Gürcüstanla bağlı müəyyən bəyanatların səslənməsi istisna deyil.

Həmçinin Ukraynanın NATO-ya üzvlüyünə dair hansısa tarixin açıqlanması da gözləniləndir. Büeləliklə, həm Rusiya qəzəbləndiriləcək, həm də Ukraynaya əlavə ümid, inam veriləcək. Alyansa lazım olan da məhz müharibənin davam etməsi ilə bağlı rəsmi Kiyevi inandırmaqdır.
Yəqin ki, sammitdə eyni zamanda Türkiyə ilə Yunanıstan arasında gərginləşən münasibətlər və ehtimal olunan müharibə barədə də fikir mübadiləsi aparılacaq. İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünə etiraz etdiyinə görə Alyans Ankaraya qəzəblidir. Bu mənada Alyansın Türkiyəni cəzalandırmaq istəyəcəyini düşünmək olar. Lakin NATO- nun Türkiyə ilə Yunanıstan arasında savaşın başlanmasına icazə verəcəyi ağlabatan deyil.

Bundan başqa, sammitdə NATO- nun Polşada döyüş qrupunu yerləşdirəcəyəyi barədə qərar qəbul edəcəyi də mümkündür. Polşa Müdafiə Nazirliyindən artıq bu barədə iddialar səsləndirilib.

Bütün hallarda dediyimiz kimi, sammit mühüm qərarlarla yadda qalacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş