Amerika Birləşmiş Ştatlarının istisadi problemləri dərinləşir, inflyasiya artır. Ağ Ev sahibi Co Bayden mövcud vəziyyətdən çıxış yolları axtarır. Keçmiş president Donald Tramp Çin mallarının Amerikaya ixracına maneələr yaradan xeyli qərara imza atmışdı. Bu ABŞ-la Çin arasında ticarət müharibəsinə səbəb olmuşdu. Bayden bu siyasəti davam etdirsə də, hazırda geri dönüş barədə düşünür.
Bayden Çin lideri Tsi Sinpinlə növbəti telefon danışığına hazırlaşır. Bayden Pekinlə Tayvanla bağlı gərginliyi arxa plana atmadan iqtisadi müstəvidə iki ölkə arasında münasibətlərin yumşalmasını istəyir. Bayden sonuncu dəfə Tsi Sinpinlə martın 18-də video format əsasında iki saata yaxın fikir mübadiləsi aparıb. O zaman nəticə hasil olmadı. Ancaq bu müddətdə Amerikadakı iqtisadi tənəzzül Baydeni yenidən Tsi Sinpinlə iqtisadi mövzuları müzakirəyə məcbur edir. Baydenlə yanaşı ABŞ müdafiə naziri Lloyd Ostin və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Cek Salivan da çinli həmkarlarıyla dialoqu davam etdirirlər. Bu dialoq da nəticə vermir. Buna baxmayaraq, Vaşinqton Pekinlə təmaslardan imtina etmir.
Co Baydenin Çin mallarına qarşı tətbiq edilən rüsumları yumşaldacağı proqnozlaşdırılır. Bu qərarın Amerikanın siyasi dairələrində necə qarşılacağı sual altındadır. Respublikaçılar Partiyasının tərəfdarları, o cümlədən Donald Trampın özü Baydenin Pekinlə iqtisadi əməkdaşlığı genişləndirməsi ideyasını sərt tənqid edir. Bayden tərəfdarları isə əksinə Trampın vaxtilə yanlış qərar verdiyini, Çin məhsullarına tətbiq edilən rüsumların Amerika iqtisadiyyatının problemlərini daha da dərinləşdirdiyini iddia edirlər. Onlar hesab edirlər ki, Çinlə iqtisadi əməkdaşlıqdan imtina ameriaklıların iş yerlərinin itirilməsinə səbəb olub. Halbuki, Tramp bunun tərsini deyir, Amerika şirkətlərinin zavıd və fabriklərini Çinə köçürməsinin Amerikada işsizlik problemini dərinləşdirdiyini bildirirdi.
Donald Trampın yenidən prezident seçkisində iştirak edəcəyinə dair mülahizələr var. Co Bayden prezident seçkisində məğlub olarsa Ağ Evin yeni sahibi Çinlə iqtisadi əlaqələrə yenidən baxacaq.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri