Artıq iki ildir ki, Qarabağ zəfəri ilə böyük tarix yazan Azərbaycan Silahlı Qüvvələrinin yarandığı günü - 26 İyun tarixini xalqımız böyük qürur hissi ilə qeyd edir. Sirr deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı və yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanmışdı. Yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdıran Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail oldu. Heç şübhəsiz ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrilmişdi.
Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı - Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır. Müstəqil dövlət quruculuğumuzun bütün sahələrində olduğu kimi uğurla həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub, adını müasir tariximizə qızıl hərflərlə yazdırıb.
Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin edib. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Baxmayaraq ki, mənfur düşmənin əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, ancaq düşmən ordusu geri getməyə məcbur oldu.Şanlı Ordumuzun dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyatı dillərə dastan oldu.
Bütün haqsızlıqlara, ikili standartlarla yanaşmaya baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan ordusunun qüdrəti ilə haqq- ədalət öz yerini tapdı. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Dövlətimiz bu gün də ordu quruculuğunu öz siyasətində prioritet istiqamət olaraq saxlayır. Bu gün dünya ictimaiyyəti Şanlı Azərbaycan Ordusunun, regionun ən güclü ordusunun gücünə, qüdrətinə şahidlik edir. Bu gün hər bir Azərbaycan vətəndaşı böyük Zəfəri bizə yaşadan qalib ordumuzla fəxr edir. Çünki bu müzəffər ordu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.
Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının məsul əməkdaşı