Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Viranə yurdlara ağıllı qayıdışın nümunəsi-ZƏNGİLAN

Viranə yurdlara ağıllı qayıdışın nümunəsi-ZƏNGİLAN


Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə ölkədə faaliyyət göstərən partiyaların təmsilçilərinin işğaldan azad edilmiş bölgələrimizə daha bir səfəri iyunun 24-də oldu. Bu dəfə ziyarət ünvanımız bizi qardaş Türkiyəyə bağlayan Naxçıvanımıza, “Zəngəzur dəhlizi”nə açılan qapı olan Zəngilan ərazisi seçilmişdi...

Xatırladım ki, indiyədək siyasi partiyaların 4 belə səfəri təşkil edilib: ilk ziyarətimiz Ağdama, ikisi Şuşaya və biri də Zəngilana olub.
Hər üç ünvana səfərin təşkilinin isə həm böyük ictimai-siyasi əhəmiyyəti, həm də çox ibrətamiz rəmzi mənası var.

İlk dəfə getdiyimiz Ağdam şəhəri bizə gerçək düşmənimizin kimliyini və onun vəhşiliyinin, barbarlığının miqyasını əyani şəkildə anladan çox kədərli bir ünvan olmuşdusa, məğrur Şuşa da bu vəhşi düşmənin başını hansı şücaətlə əzdiyimizin canlı şahidi kimi danışmış və bizə böyük fəxarət, yenilməz qürur hissi bəxş etmişdi...

İyunun 24-də getdiyimiz Zəngilan isə bizə düşmənin dağıdıb, tar-mar etdiyi, viranəyə çevirdiyi yurd yerlərimizə necə, hansı şəkildə qayıdacağımızın anonsu, böyük quruculuğun aşkarlanmış yol xəritəsi oldu.

Sürətli və heyrətamiz tikinti-quruculuq və bərpa işlərinin aparıldığı – eyni vaxtda aeroportun, dəmiryol xətti və qovşaqlarının, iri avtomagistralların, elektrik stansiyalarının, kənd və qəsəbələrin salındığı, uzunmüddətli ciddi müdafiə və təhlükəsizlik tədbirlərinin görüldüyü Zəngilanda biz təkcə “ağıllı kənd və şəhər”in nə olduğunu yox, həm də Azərbaycan dövlətinin Qarabağımıza və Şərqi Zəngəzura necə bir ağıllı və möhtəşəm böyük qayıdış strategiyası hazırladığını gördük, öyrəndik, anladıq...

Əlbəttə, Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin Qarabağ savaşındakı qələbəsini və uğurlarını həzm etməyənlər, düşmənlə bərabər bu qələbəyə kədərlənənlər, öz hikkəsinə, yersiz iddiasına və həsədinə yenik düşmüş bəzi uğursuzlar, son 1 il 6 ayda olduğu kimi, yenə də müxtəlif bəhanələrlə bütün bunları gözdən salmağa çalışacaqlar, ancaq gerçək vicdan sahibi və qəlbində həqiqi Vətən segisi olan hər kəs bütün bu görülən işləri müşahidə etdikdən sonra şükür və minnətdarlıq hissiylə bircə kəlmə deyər: “Əhsən! Sizə halal olsun!”
Necə ki, Zəngilandan qayıdan zaman bizim hamımızı birləşdirən bu uzun yol boyu avtobusdakıların əksəriyyəti, zamanında Əliyevlərin ən sərt tənqidçiləri olmalarına baxmayaraq, bizə və bir-birlərinə bunu səmimiyyətlə etiraf etdilər: həm öz yanlışlıqlarından, həm də hakimiyyətin doğrularından danışdılar!

Bəli, bizi işğaldan azad edilmiş yurdlarımıza aparıb-gətirən bu avtobuslar artıq həm də dünənədək siyasi baxışlarına görə bölünmüş bir xalqın övladlarını yenidən yaxınlaşdıran, barışdırıb birləşdirən, çörəyini-suyunu böldüyü və bir-birinə dərdlərini, səhvlərini danışıb doğmalaşdıran “yeriyən ev”lərə, bu asfalt və torpaq yollar isə bizi birlik və dirilik məbədinə götürəcək müqəddəs cığırlara çevrilir!

Bunları müşahidə edə-edə, yol boyu “Vətən təəssübü” rənginə boyanmış bəzi nanəcib və nadürüstlərin niyə bizə “avtobus müxalifəti” deyib bu səfərlərimizi ələ saldıqlarının da gerçək səbəbini anladım: onlar zamanındakı fəlakətlərimizin əsas baiskarları olan, bu millətin birləşməsini və dirçəlməsini istəməyən, öz kin və hikkələrinə yenik düşərək başqa ölkələrin əlində maşaya çevrilmiş iblis xislətli uğursuz fitnəkarlardır! Allah millətimizi belə fitnəkarların bəd niyyətlərindən və əməllərindən qorusun!

Qarşıda isə bizi ölkəmizi daha da qüdrətli və şöhrətli edəcək yeni yollarda birgə yürümək, yurdlarımıza böyük qayıdış gözləyir!
Bu yolda birgə yürümək istəyən vicdanlı insanlara salam və uğur olsun!

Elxan Şükürlü-politoloq
Xəbəri paylaş