Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan nümayəndə heyəti ABŞ-da səfərdədir

Azərbaycan nümayəndə heyəti ABŞ-da səfərdədir


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərlik etdiyi, tərkibinə Azərbaycan Respublikasında Katolik kilsəsinin apostol prefekturası, Bakı şəhəri Azərbaycan Bibliya Cəmiyyəti Xristian dini icması, eləcə də Avropa yəhudiləri və Gürcü yəhudilərinin Bakı dini icmalarının rəhbər və təmsilçiləri daxil olan Azərbaycan nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində səfərdədir.

Newscenter.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.

İyunun 27-də Holokost Memorial Muzeyində olan nümayəndə heyəti Holokostun İnkarı və Antisemitizm Təşəbbüsünün beynəlxalq Maarifləndirmə təşkilatı üzrə direktoru Tad Stanke, eləcə də qurumun ərəb auditoriyası üzrə mütəxəssisi Mina Abdelmalak və Etika, Din və Holokost Proqramının Koordinatoru ilə görüşüblər.

Eyni zamanda, Amerikada fəaliyyət göstərən “AJC”, “AIPAC”, “JCSEJ” və “B'nai B'rith” kimi nüfuzlu yəhudi təşkilatlarının təmsilçiləri, Senatın Təxsisatlar Komitəsinin və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının üzvü, senator Con Buzmanın Aparatının rəhbəri Toni-Mari Hiqins ilə görüşlər keçirilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Heydərov və din xadimləri ikitərəfli müzakirələrdə ölkəmizin dünyəvi dövlət olduğunu, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşadığını, respublikamızdakı mövcud dövlət-din modeli, o cümlədən cəmiyyətimizin tolerantlıq və multikulturalizm ənənələrinin bir nümunə olduğunu vurğulayıblar. Həmçinin qeyd edilib ki, bu ənənələri daha da gücləndirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl siyasət həyata keçirilir, dini icmaların inkişafı üçün onlara maddi yardımlar edilir.

Görüşlər zamanı ölkəmizin dövlət-din münasibətləri sisteminin beynəlxalq aləmdə model kimi qəbul edildiyini vurğulayan sədr müavini Səyavuş Heydərov respublikamızda irqi-dini zəmində ayrı-seçkiliyin, antisemitizm halının baş vermədiyini, əksinə Azərbaycanın dinlər və sivilizasiyalar arasında dialoqu təşviq edən əsas dövlətlərdən biri olduğunu bildirib. O, həmçinin Ermənistan işğalından azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinin aparıldığını, mənsubiyyətindən asılı olmayaraq bütün dini abidələrin bərpa olunduğunu diqqətə çatdırıb.

Görüşlərin sonunda iştirakçılara Dövlət Komitəsinin nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən bəhs edən kitablar təqdim edilib.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyətinin ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin, ABŞ Din Azadlığı Komissiyasının, eləcə də Amerika Diyanət Mərkəzi, Dünya Baptist Alyansı və müxtəlif dini təşkilatların nümayəndələri ilə görüşlər keçirməsi, müzakirələr aparması nəzərdə tutulur.

Mehman
Xəbəri paylaş