“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə Kəlbəcər rayonuna səfəri zamanı ən diqqət çəkən məqamlardan biri Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etməsi oldu”.
Bu fikirləri Newscenter.az-a Nizami Rayonu İcra Hakimiyyətinin məsul işçisi, MMP-ın idarə heyətinin üzvü Könül İsmayılova səsləndirib. Dövlət başçısının 26 iyun tarixində, Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində burada bir neçə yeni tikilmiş obyektlərin açılışında iştirak etdiyini diqqətə çatdıran Könül İsmayılova onu da bildirib ki, Azərbaycan Prezidenti həm sözügedən səfəri, həm də bir sıra tədbirlərdə çıxışı zamanı bir sıra vacib məqamlara diqqət çəkib:
“Xüsusilə Prezident komando hərbi hissəsinin açılışında çıxışı zamanı bir sıra önəmli məqamlara toxundu. Birinci növbədə, ölkə başçısı bizim müharibə istəmədiyimizi, heç vaxt da bu niyyətdə olmadığımızı açıq şəkildə ifadə etdi. Prezident dedi ki, bizim maraqlarımız təmin edilməlidir və müharibə nəticəsində yaranan reallıqlar hamı tərəfindən qəbul edilməlidir”.
Könül İsmayılova hesab edir ki, Prezidentin dediyi fikirlərdə həqiqət öz əksini tapır. Çünki rəsmi Bakı 30 illik işğal faktoruna baxmayaraq müharibə istəməyib:
“30 il müddətində Azərbaycan nə qədər haqsızlıqlar görsə də, yenə də diplomatiyanı, danışıqları üstün tutub. Buna görə də hesab edirəm ki, rəsmi Bakının müharibə nəticəsində yaranan reallıqların hamı tərəfindən qəbul edilməsini tələb etməsi doğrudur. Prezidentin həmçinin çıxışında: “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər” - fikirlərini dedi. Ölkə başçısı əslində bu sözləri ilə təkcə regionda deyil, Ermənistanın daxilində gedən proseslərdən də xəbərdar olduğunu bildirmiş oldu Bununla da Prezident İlham Əliyev bir daha öz qətiyyətli mövqeyini ortaya qoydu”.
Könül İsmayılovanın sözlərinə görə, Prezidentin çıxışından belə nəticəyə gəlmək olar ki, rəsmi Bakı İrəvana vaxt verdi: “Yəni ölkə başçısı bildirdi ki, Azərbaycanın Ermənistanın oyunlarına daha çox vaxt ayrımağa zamanı yoxdur. Ermənistan prosesin həllini ləngitsə, rəsmi Bakı yenə öz gücü hesabına qalan məsələni də həll edəcək”.
Mehman