Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan efirinin qəhrəmanları

Azərbaycan efirinin qəhrəmanları


Deyirəm bizim Azərbaycan efirinin, TV-lərinin 2 sevgilisi, 2 qəhrəmanı var. Birincilər toy mügənniləridir, ikincilər də TV aparıcıları. Birincilər TV-lərə pul və reytinq gətirir, ikincilər də bunları təşkil edir. Əslində bunlar eyni adamdılar, gah mügənnilər aparıcılıq edir, gah da aparıcılar müğənnilik. Mən bunların səviyyəsindən danışmaq istəmirəm, bilənlər bilir. Amma reytinqləri yuxarıdır, baxanlar baxır...

Azərbaycan efirinin qəhrəmanları da özlərini yaxşı aparmır, istədiyi kimi danışır, istədiyi kimi "şpaqat" açır. Tamaşaçılar onların qeyri-adekvat, bəzən qanacaqsız hərəkətlərini sevinclə qarşılayır, hər şeyi onlara bağışlayır, hətta alqışlayır. "Qəhrəmanlar" da gündən-günə harınlaşır, biri göz yaşlarından, yalandan, o biri də bayağı mahnılardan pul qazanır. TV rəhbərliyi də onlara "barmaqarası" baxır, "Təki sən süd verən inək ol, vur badyanı dağıt" deyirlər...

Artıq süd dağılıb, amma qalmaqal da yaranıb. ARB TV-nin efirində məlum aparıcı Zaur Kamalla məşhur müğənni Afşin Azəri arasında qalmaqal hazırda gündəmin əsas mövzularından biridir. Ancaq burda məsələ artıq aparıcı-müğənni miqyasından çıxıb, çox iridir. Əvvəla, Zaur Kamal həmişə etik qaydaları aşan, efirdə özünü küçədəki kimi aparan birisidir. Sonra, Afşin Azəri adi müğənni deyil, tanınmış adamdır, qonaqdır, bizim Cənubdan olan qardaşımızdır. Odur ki, aparıcı Zaurun Afşin Azəri efirə çağırması, sonra nümayişkaranə qovması cəmiyyətdə hiddətlə qarşılanıb...

Yeri gəlmişkən, səhnə arxasında olan intim söhbətləri açıq efirə gətirmək, ictimailəşdirmək Zaur Kamalın peşəkar "priyomlar"ından biridir. Bununla, doğrudur qonağı biabır edir, amma verilişə qalmaqal, yəni reytinq gətirir. Diqqətli oxucunun yadında olar, oxşar qalmaqal illər əvvəl aparıcı Zaur Kamalla meyxanaçı Pərviz Bülbülə arasında Xəzər TV-də yaşanmışdı. Zaur səhnə arxasında olan intim söhbətləri açıq efirə gətirməyə çalışmışdı. Pərviz məlum olduğu kimi, hazırcavab adamdır, "mən səni kişi bilirdim, səhv etmişəm" dedi. Həmin sözü müğənni Afşin Azəri də dilə gətirdi: "kişi arasında olan söhbət kişi arasında qalsa yaxşıdır"...

Amma kişi olan qonağı evindən qovarmı, qanacaqsızlıqdan pul qazanmağa çalışarmı?! Təbii ki, son söz yenə tamaşaçılarındır. Belə aparıcıları sadəcə olaraq, baykot etmək lazımdır. onda ARB rəhbərliyi də onları efirdən qovacaq. İndiki zamanda süd verməyən inək kimə lazımdır?!

Qalib ARİF
Xəbəri paylaş