İsveçin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Kristian Kamill Azərbaycan Milli Kitabxanasında olmuşdur.
Newscenter.az xəbər verir ki, Milli Kitabxananın Beynəlxalq Əməkdaşlıq Zalında İsveç və Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi münasibətilə “Linnaeus Apostles: Global Science and Adventures” adlı kitabın təqdimatı keçirilib. Kitab Linnaeus və onunla birgə olan səyyahların müxtəlif qitələrə olan səyahəti və heyvanlar, bitkilər, adət-ənənələr barəsində apardıqları qeydlərdən bəhs edir. Bütün qitələrdəki səyahətlərinin dəyərləndirilməsindən ibarətdir.
Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları salamlamış və cənab səfiri Milli Kitabxanada görməkdən məmnun olduğunu bildirmişdir. O, təqdimat mərasiminin Beynəlxalq Əməkdaşlıq Zalında keçirilməsinin heç də təsadüf olmadığını bildirib. Beynəlxalq Əməkdaşlıq Zalında 14 ölkənin guşəsinin mövcud olduğunu vurğulayan Kərim Tahirov 15-ci guşənin məhz İsveç olacağına ümid etdiyini vurğulayıb.
“Cənab səfirin Milli Kitabxanaya gəlişi iki ölkənin milli kitabxanaları arasında Anlaşma Memorandumunun imzalanmasına təkan verəcək. Eləcə də bugün cənab Səfirin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar Milli Kitabxananın fondunda öz layiqli yerini tutacaq və İsveçə dair gələcəkdə yaradılacaq guşənin ilk kitabları olacaq” deyə prof. Kərim Tahirov qeyd edib. Direktor Kərim Tahirov gələcəkdə həmin guşənin önündə İsveç ilə əlaqəli tədbirlərin, İsveç yazıçıları ilə görüşlərin keçiriləcəyinə ümid etdiyini də qeyd edib. Direktor çıxışında Milli Kitabxananın beynəlxalq əlaqələrindən bəhs edərək, İsveç Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında həyata keçirilən beynəlxalq kitab mübadiləsi barədə də məlumat vermişdir.
O, eyni zamanda cənab Kristian Kamillin yaxın gələcəkdə Milli Kitabxananın fəal oxucularından olacağına inandığını qeyd etmişdir.
Cənab Kristian Kamill prof.Kərim Tahirova öz təşəkkürünü bildirib və bugün keçirilən tədbirin iki ölkə arasındakı diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu qeyd edib. İsveç və Azərbaycan arasnda bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın mövcud olduğunu bildirən cənab səfir bu əlaqələrin daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə inandığını bildirib.
Daha sonra cənab Kristian Kamill İsveç və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə isveçli səyyah və alim Carl Linneausun tələbələrinin dünyanın 60-dan çox ölkəsinin təbiəti, mədəniyyəti, tarixi və etnoqrafiyası haqqındakı əlyazma və qeydlərinin əks olunduğu “Linnaeus Apostles: Global Science and Adventures” adlı 8 cildlik kitabı Milli Kitabxanaya hədiyyə edib. Yeni çap olunmuş kitabların Azərbaycanda ilk olaraq məhz Milli Kitabxanaya verildiyini xüsusilə qeyd edib.
Prof. Kərim Tahirov cənab səfirə öz təşəkkürünü bildirmiş və “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), “Salam, Azərbaycan!” (ingilis dilində) və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” (ingilis dilində) adlı kitabları ona hədiyyə etmişdir.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
Daha sonra cənab səfir və ailə üzvləri Milli Kitabxana ilə yaxından tanış olmuşlar. Açıq kitabxana, Nadir Kitablar və kitabxana muzeyi şöbəsi, Uşaq guşəsi və digər şöbələr haqqında ətraflı məlumat verilmişdir.
Mehman