Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir.
Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biri də ekoloji problemlərdir. Xəzər ortaq dənizdirsə, problemlər də ortaqdır. Bu problemlər həm elmi, həm də elmi-praktik baxımdan ortaq həll olunmalıdır.
Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir. Ölkəmiz Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir.
Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru – Mətanət Qəribova