Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Özbəkistan arasında Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb

Azərbaycanla Özbəkistan arasında Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb


Özbəkistan Respublikasının paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısı keçirilir. Özbəkistanın kənd təsərrüfatı naziri Cəmşid Xocayev və Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri qatılıblar. Nazirlər Toplantısının keçirilməsində məqsəd iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanlarını müzakirə etməkdir.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən daxil olan xəbərə görə, tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan aqro-ərzaq sisteminin davamlı transformasiyasına nail olmaq üçün böyük səylər göstərir: “Yaşıl enerji, rəqəmsallaşma və innovativ həllər dayanıqlı milli aqro-ərzaq sisteminin qurulması istiqamətində fəaliyyətimizin əsas prinsipləridir. Azərbaycanda uğurlu rəqəmsal kənd təsərrüfatı transformasiyası həyata keçirilir. Mövcud təcrübə müvafiq beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı qlobal təcrübələrdən biri kimi qəbul olunur. Ölkəmizdə 500 mindən çox fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə rəqəmsal kənd təsərrüfatı xidmətlərindən və dövlət dəstəyindən faydalanır. Azərbaycan bu təcrübəni Türk Dövlətləri Təşkilatının üzvləri ilə bölüşməyə hazırdır”.

Toplantıda çıxış edən natiqlər türk dövlətlərinin kənd təsərrüfatının bütün istiqamətləri üzrə geniş əməkdaşlıq potensialının olduğunu bildiriblər.

Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısının Yekun Bəyannaməsi qəbul olunub.
Toplantı çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla Özbəkistanın kənd təsərrüfatı naziri Cəmşid Xocayevin ikitərəfli görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana son rəsmi səfəri zamanı əməkdaşlığın gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi, əməkdaşlığın gələcək faəliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb. Görüşün sonunda Azərbaycanla Özbəkistan arasında Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb. Yol Xəritəsində iki ölkənin aqrar sığorta sistemi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri sahəsində təcrübə mübadiləsi aparması, ipəkçilik sahəsində birgə müəssisənin yaradılması və digər məsələlər öz əksini tapıb.

Azərbaycanın kənd təsərrüfatı naziri toplantı çərçivəsində həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Başdad Amreyev, Qırğızıstanın kənd təsərrüfatı naziri Askarbek Canıbekov və Qazaxsıtanın kənd təsərrüfatı naziri Erbol Karaşukeyevlə ikitərəfli görüşlər keçirib.

Sevinc
Xəbəri paylaş