Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) televiziya, radio və mobil rabitə üzrə mütəxəssislərinin Azərbaycana səfəri başa çatıb.
Newscenter.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyyat Nazirliyinə istinadən xəbər verir.
27 iyun – 1 iyul 2022-ci il tarixlərində sərhədyanı ərazilərdə televiziya, radio və mobil rabitə şəbəkələrinin beynəlxalq normalara uyğunlaşdırılması üzrə müzakirələr aparılıb. Müzakirələr çərçivəsində qonşu ölkələrin yayımlarının ölkə ərazisinə nüfuz etməsi məsələsi BTİ-nin ekspertləri ilə danışılıb. Bu yayımların beynəlxalq tələblər çərçivəsində tənzimlənməsi üçün BTİ-nin qəbul etdiyi normativ hüquqi sənədlərdəki müvafiq müddəaları və məsələnin həlli yollarını qurumun ekspertləri təklif edib.
Səfər çərçivəsində, həmçinin BTİ mütəxəssisləri televiziya, radio, mobil və fiksə olunmuş rabitə xidmətlərinin beynəlxalq tənzimlənməsi üzrə Dövlət Radiotezliklər İdarəsi, Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi, "Azərkosmos" və mobil rabitə operatorlarının mütəxəssisləri üçün seminarlar təşkil edib.
TV, radio və mobil rabitə şəbəkələrinin sərhədyanı ərazilərdə tənzimlənməsi ilə bağlı BTİ ilə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
BTİ ilə əldə olunmuş razılaşmaya əsasən, azərbaycanlı mütəxəssislərlə müzakirələrin aparılması üçün qurumun yerüstü xidmətlər üzrə iki eksperti Bakıda bir həftə müddətində səfərdə olub. Müzakirələrin məqsədi BTİ-nin ekspertlərini ölkənin efir məkanına müdaxilələrlə tanış etmək və sərhədyanı ərazilərdə yayımların beynəlxalq tələblərə uyğun tənzimlənməsi üçün dünya ölkələrində mövcud olan təcrübə nəzərə alınaraq həlli yollarını birgə müəyyənləşdirməkdir.