Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Qardaş Türkiyənin də idman tarixinə mükəmməl ev sahibi kimi adını yazdıracağına əminəm”

Könül Nurullayeva: “Qardaş Türkiyənin də idman tarixinə mükəmməl ev sahibi kimi adını yazdıracağına əminəm”


“İslam Əməkdaşlıq Təşkilatı və İslam Həmrəyliyi İdman Federasiyasının təşkilatçılığı ilə Konyanın ev sahibliyi edəcəyi beşinci İslam Həmrəyliyi Oyunları üçün geri sayım başlayıb. İHİF İcraiyə Komitəsinin və Koordinasiya Komissiyasının üzvü kimi deyə bilərəm ki, mükəmməl idman infrastrukturuna malik olan Konya 5-ci İslam Həmrəylik Oyunlarını keçirməyə tam hazırdır.”

Newscenter.az xəbər verir ki, V İslam Həmrəyliyi Oyunlarının nümayəndə heyəti rəhbərlərinin toplantısında iştirak edən Milli Məclisin deputatı, İHİF İcraiyyə Komitəsi və Koordinasiya Komissiyasının üzvü Könül Nurullayeva belə deyib. Bildirib ki, görüşlərdə
çox səmərəli müzakirələr aparılıb. Bu, oyunlardan öncə sonuncu ən böyük toplantı idi:

“Bu vaxta qədər də bir neçə dəfə təşkilati işlərin gedişilə bağlı toplantılar keçirilib. Bütün müzakirələrdə təşkilati işlərin yüksək səviyyədə aparıldığının şahidi olmuşuq. Eyni zamanda Konyada idman obyektləri və təsislərinə baş çəkdik, velodrom, üzgüçülük hovuzu və sərgi mərkəzinin zallarında görülmüş ən son tikinti işlərinin yerinə yetirilməsi vəziyyətilə tanış olduq. Konya təşkilatçı kimi 55 ölkədən 5000-ə yaxın idmançını qarşılamağa hazırdır. Böyük həyəcanla oyunların başlamasını gözləyirik. Bakı kimi Konyanın da tolerantlıq və qardaşlıq şəhəri kimi qonaqpərvərliyini bütün dünyaya təqdim etməsini gözləyirik.”

K.Nurullayeva könüllülərlə görüş məqsədilə Konyaya səfər çərçivəsində Nəcməddin Ərbakan Üniversitetində də olub. Konyanın ən böyük ali təhsil müəssisəsi olan Nəcməddin Ərbakan Üniversitetində 20 fakültə, 28 araşdırma mərkəzi, 8 peşə məktəbi və 4 institut fəaliyyət göstərir. Hazırda bu təhsil ocağında 35 mindən çox tələbə təhsilini davam etdirir və universitet heyəti də daxil olmaqla, hər kəs Konyada keçiriləcək İslam Həmrəyliyi Oyunlarını səbrsizliklə gözləyir və bu mötəbər tədbirə öz töhfəsini verməyə hazırdır.

Səfər çərçivəsində nümayəndə heyəti rəhbərlərinin ikinci seminarında da iştirak edən K.Nurullayeva fikir və təkliflərini səsləndirib. Görüşlər zamanı 55 ölkənin nümayəndəsinə V İslam Həmrəyliyi Oyunlarının təşkilati məsələləri ilə bağlı məlumatlar verilib:

"Qeyd edək ki, İHİF-in baş katibi Mohammed S. Al Qarnas, İHİF-in baş maliyyə direktoru Əbdüləziz S. Bindallak, İHİF İdarə Heyətinin, Nəzarət və Koordinasiya Komissiyasının üzvləri Kazi Rajib Uddin Çapol, Adel Zahra, Aşraf S. Dahrouq, Oyunların baş koordinator müavini Vəli Ozan Çakır və Ercan Uslu, Oyunların Təşkilat Komitəsinin üzvləri, Konya Böyükşəhər Bələdiyyəsinin baş katibi, iştirakçı ölkələrin nümayəndə heyətlərinin başçıları, eləcə də digər önəmli qonaqlar iclasda iştirak edənlər arasında olub.

Məlumdur ki, 2017-ci il İslam Həmrəylik Oyunlarına ev sahibliyi edən Azərbaycan yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlandı. Azərbaycan növbəti dəfə İslam dünyasına nümunəvi standartlar təqdim etdi. Beynəlxalq ictimaiyyət Azərbaycan nümunəsində həmrəyliyi gücə çevirməyin real nümunəsini gördü. lV İslam Həmrəyliyi Oyunları öz səviyyəsi və yeni mütərəqqi standartları ilə yerli və beynəlxalq idman ictimaiyyətinin yüksək qiymətinə layiq görülüb. Əslində Konya da Bakı kimi böyük beynəlxalq təşkilatlara ev sahibliyi etmək təcrübəsinə malikdir. Eyni zamanda həm Azərbaycan, həm də Türkiyə dünya miqyasında böyük hörmətə, həmçinin müsəlman aləmində böyük rəğbətə layiq ölkələrdir.
Ümumiyyətlə, İslamiada İslam ölkələri arasında qardaşlıq, birlik və həmrəyliyin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. İslam dininin mütərəqqiliyini, elm, mədəniyyət, sülh, mərhəmət dini olduğunu nümayiş etdirir. Eyni zamanda, İslamiada bu yarışlara ev sahibliyi edən ölkənin zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə və dünyaya təqdim edir. Bu mənada qardaş Türkiyənin də idman tarixinə mükəmməl ev sahibi kimi adını yazdıracağına əminəm".

Ruhiyyə
Xəbəri paylaş