Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müzəffər Ali Baş Komandan İlham Əliyev müasir dünya və Azərbaycan tarixinin böyük sərkərdəsidir

Müzəffər Ali Baş Komandan İlham Əliyev müasir dünya və Azərbaycan tarixinin böyük sərkərdəsidir


30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Bu böyük qələbəni xalqımıza görkəmli dövlət xadimi, müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı ordumuz bəxş etdi. Neofaşist ölkə olan Ermənistan, onun vandal ordusu igid əsgərlərimizin zərbələri qarşısında diz çökdü. Qələbəyə aparan uzun yol 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə başa çatdı.İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, məğlubiyyətini etiraf etdi.

“Ermənilərin məğlubedilməzliyi” barədə yalanlar ifşa edildi. Bu müharibə əslində Azərbaycan əsgərinin yenilməzliyini sübut etdi.
Azərbaycan xalqı cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləmişdir. Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən bütün xalq onun ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncləri cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni edirdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi. Bu, xalq-Prezident birliyinin, xalqın ölkənin liderinə dərin inamının parlaq nümunəsi idi və bu birlik qələbəmizin təminatı oldu.

Ali Baş Komandan tarixi Şuşa müraciətində bu məsələni xüsusilə qeyd etmişdir: “Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz”.

Bu qələbəni qazanmaq üçün cənab Prezident uzun illər Azərbaycanın iqtisadi gücünü artırmış, ordunu hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaratmışdır. Məhz cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasət sayəsində respublikamız sürətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. Şuşanın işğaldan azad edilməsi münasibəti ilə Prezidentin xalqa tarixi müraciətində qeyd etdiyi kimi: “Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi”.
Ordumuzun tarix yazdığı 44 gün ərzində cənab Prezidentin dünyanın mötəbər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində beynəlxalq hüquqi normalar çərçivəsində olan Azərbaycanın haqlı mövqeyi tamlığı ilə sərgiləndi. Xarici ölkələrin siyasi şərhçiləri də indinin özündə belə İlham Əliyevin verdiyi müsahibələri çağdaş zamanda yüksək diplomatik peşəkarlığın bariz nümunəsi kimi qiymətləndirməkdədirlər.

Azərbaycanın şanlı bayrağı işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq! Prezident Cənab İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.

Azərbaycan müharibədən uğurla və güclü formada çıxdı, vətəndaşlarımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu, əldə olunan qələbə xalqın inamını özünə qaytardı.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, həmçinin həlak olan mülki vətəndaşlarımızın qisası alındı. Azərbaycan dövlətinin hərtərəfli qayğısı ilə əhatə olunan şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və gələcək nəsillər onları hər zaman fəxrlə, qürurla yad edəcəklər.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Xəbəri paylaş