Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov, Nazirliyin Baytarlıq Elmi-Tədqiqat İnstitutu (BETİ) və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbərliyi arasında görüş keçirilib. Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov ölkəmizdə heyvandarlıq sahəsinin inkişafı ilə bağlı dövlət dəstəyi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları ətraflı müzakirə olunub.
Daha sonra Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, APEPEA və BETİ təsərrüfat subyektlərində quşların saxlanması, bəslənməsi, xəstəliklərə qarşı diaqnostik müayinələrin aparılması, məhsuldarlığın yüksəldilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bundan başqa, tərəflər təsərrüfat subyektlərində riskləri qiymətləndirməklə epizootoloji sabitliyin qorunması, sağlamlaşdırıcı tədbirlərin vaxtında aparılması, profilaktiki vaksinasiyadan sonra immunitetin yoxlanılması məqsədilə vaksinasiya aparılan xəstəliklərin seromonitorinqinin təşkili, xüsusi təhlükəli xəstəliklərin PZR müayinəsi, mikrobioloji müayinələrin aparılması, biotəhlükəsizlik təlimlərinin təşkili, quşçuluq müəssisələrinin elmi əsaslarla idarə edilməsi və elmi-tədqiqat işlərinin aparılması ilə bağlı razılığa gəliblər.
İmzalanma mərasimindən sonra Assosiasiya üzvləri Baytarlıq Elmi-Tədqiqat İnstitutuna məxsus müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya ilə tanış olublar. İnstitutun direktoru Sialə Rüstəmova quşçuluq təsərrüfatlarına quş xəstəliklərinin diaqnostikası, quş ətinin analizi, təsərrüfatlarda çalışan baytar həkimlərə təlimlərin keçirilməsi və digər istiqamətlərdə Assosiasiyaya dəstək verməyə hazır olduqlarını bildirib. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Azərbaycanda qeydiyyatdan keçmiş əsas laboratoriyalardan biri ilə əməkdaşlığın quş əti istehsalçılarına geniş imkanlar yaradacağını qeyd edib. Mürvət Həsənli əlavə edib ki, quşçuluq müəssisələrinin BETİ-nin laboratoriyasının xidmətlərindən yararlanması bazarlara daha yüksək keyfiyyətli məhsulların çıxarılmasına imkan verəcək.
Sevinc