Ermənistan Baş naziri Nikol Paşinyan dünən hökumətin iclasında çıxış edib. O, bildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ilkin razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır.
Paşinyanın sözlərinə görə, hər iki ölkədən olan xüsusi nümayəndələr sərhədin üçüncü ölkə vətəndaşları, eləcə də hava nəqliyyatı ilə yük daşımaları üçün açılması barədə razılığa gəliblər: "Anlaşma anlaşmadır. Lakin onları yerinə yetirmək üçün idarələrimizin prosesi koordinasiya etməsi çox vacibdir”.
Məlum olduğu kimi, xüsusi nümayəndələrin dördüncü görüşündə quru sərhədlərin açılması barədə razılıq verəcəyi olunmuşdu. Və artıq bu istiqamətdə əməli addımlar atılmağa başlayır.
Ermənistan hakimiyyətinin Türkiyə ilə diplomatik münasibətlərin bərpası, o cümlədən quru sərhədlərin açılması üçün tələsdiyi aydındır. Bu, səbəbsiz deyil. Çünki Paşinyan bilir ki, Rusiya ilə Ukrayna arasında müharibə başa çatandan sonra işi indikindən dəfələrlə çətin olacaq. Əvvəllər də dediyimiz kimi, Moskva qalib gəlsə, İrəvana təzyiqlər artacaq. Əks halda isə Ermənistan öz "çətirini" itirəcək və Paşinyan "ortalıqda qalacaq". Ona görə də Ermənistan iqtidarı indidən gələcəyə hazırlıq görmək istəyir.
İrəvanın Ankara ilə quru sərhədlərini açmaq istiqamətindəki təşəbbüsləri səmimi görünür. Hər halda indi Ermənistanın başqa alternativi yoxdur. Paşinyan başa düşür ki, ölkəsinin regiondakı mövcudluğunu qorumaq istəyirsə, mütləq Türkiyə ilə "dil tapmalıdır". İkinci bir tərəfdən isə Ermənistan xarici təzyiqlərdən qorunmaq üçün Türkiyənin "çətiri altına" girməkdə maraqlıdır. Elə isə sual yaranır: bəs Azərbaycanla sərhəddəki təxribatlar nə ilə bağlıdır? Axı qardaş ölkə İrəvanın qarşısındakı bizim ərazi bütövlüyümüzü tanımağına dair konkret şərt qoymuşdu.
Müxtəlif variantlar mümkündür. Bunlardan ən reallı təxribatların iqtidarın yox, ona əks qüvvələrin, o cümlədən "Qarabağ klanı" nın idarə etməsidir. Onlar məhz bu yolla sabitliyə mane olmaq, etimad mühitinə zərbə vurmaq istəyirlər.
Əlbəttə, sabotajların "rejissoru"nun Rusiya olması da mümkündür. Çünki Kreml regionun öz nəzarətində olmasını istəyir. Ona görə də İrəvanla Ankara arasında münasibətlərin normallaşması Moskvanın ürəyincə deyil.
Əslində təxribatları hansı qüvvənin idarə etməsi bizim üçün o qədər maraqlı deyil. Və provokasiyalar heç də Azərbaycanın maraqlarına zərbə vurmur. Çünki artıq bir çox ekspertlərin də dediyi kimi, anti- terror əməliyyatlarının vaxtı yaxınlaşır. Əlbəttə, ehtimal edilən anti - terror əməliyyatlarından ən çox əziyyət çəkən Paşinyan hakimiyyəti özü olacaq.
Bundan başqa, mümkündür ki, Ermənistan iqtidarı artıq Xankəndi və digər ərazilərə Azərbaycana qaytarmaq bərədə düşünür. Paşinyan bunu birdən - birə etsə, daxildə ona qarşı narazılıq yarana bilər. Ona görə də bu cür təxribatlarla Azərbaycan ordusunun əks- hücum əməliyyatlarına başlamağına zəmin yaradır.
Diqqətçəkən məqam Rusiya Prezidenti Vladimir Putinlə baş nazirin telefon danışığından sonra bu bəyanatın verilməsidir. Şübhəsiz, sözügedən məsələ Kreml rəhbəri ilə danışılıb. Əgər təxribatlar bundan sonra da eyni intensivliklə təkrarlansa, onda Moskva ilə İrəvan arasında müəyyən ziddiyətlərin olduğun düşünmək olar.
Bütün hallarda sərhəddəki proseslərlə Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpası prosesi bir- birinə zidd deyil. Əksinə, Bakı - Ankara- İrəvan xəttindəki bütün proseslər qardaş ölkələrin maraqlarına uyğun şəkildə davam etməkdədir.
Kənan Novruzov-siyasi ekspert