Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələri və qazilər üçün bayram tədbiri təşkil edilib.
Newscenter.az xəbər verir ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və şəhid Alı Həsənlinin atası Nofəl Həsənov çıxış ediblər.
Qeyd olunub ki, Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bildirilib ki, insanları halallığa, paklığa, birliyə səsləyən Qurban bayramı ərəfəsində bir daha Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında, Qarabağımızın, Şərqi Zəngəzurumuzun işğaldan azad olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının fədakar fəaliyyəti, misilsiz səyləri, rəşadət və şücaətləri yüksək dəyərləndirilir, respublikamızın hər yerində dövlətimizin, xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.
Çıxışlardan sonra axundlar dua verib, bayram süfrəsi açılıb, şəhid ailələrinə və qazilərə hədiyyələr təqdim olunub.
Ruhiyyə