"Yenidən qapanmaların olması ciddi iqtisadi zərərlə müşahidə ediləcək. Ən çox zərər görənlər isə günəmuzd işləyənlər və sahibkarlar (mikro və kiçik) olacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, bunu fürsətə çevirib qazananlar da olacaq, amma bu iqtisadi aktiv əhalinin heç mində biri qədər deyil:
"Qapanma qərarının Avropada verildiyi halda neft-qaz qiymətlərini də salacaq, nəticə də ölkəyə valyuta daxilolmaları kəskin azalacaq. Əhalinin qapanmadan təsirlənən hissəsinə, o cümlədən dəstəyə ehtiyac duyan sahibkarlara maddi dəstəyin göstərilməsi üçün isə pul lazım olacaq".
Ekspert hesab edir ki, başqa vaxt olsaydı, “qapanmalar tələbi aşağı salacaq, nəticədə infilyasiyanın sürəti azalacaq” demək olardı:
"Amma qapanma səbəbindən istehsal-logistika zəncirində qırılmaların olması təklifi də kəskin azaldacaq. Buna görə də təklif tələbdən daha çox azalacaq. Demək ki, qapanmaların infilyasiyaya da təsir çox pis olacaq".
Eldəniz Əmirovun sözlərinə görə, bu il iqtisadiyyatın gül-çiçək açdığı 2019-cu il deyil:
"İndi dünyanın ərzaq qıtlığı və digər ciddi iqtisadi şoklar yaşadığı 2022-ci ilidir. Odur ki, “Qapanma” qərarından birmənalı şəkildə uzaq durmaq lazımdır. Hətta “qapanma”nın anonsunu verib, iqtisadi aktivliyə təhdidlər yaratmaq belə yanlış addımdır".
NEWSCENTER.AZ