Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazilərin intiharlarının süni şəkildə qabardılmasında maraqlı olan qüvvələr var

Qazilərin intiharlarının süni şəkildə qabardılmasında maraqlı olan qüvvələr var


Dövlətimiz, cəmiyyətimiz üçün ən təhlükəli məqam həssas məsələlərdən istifadə edib, dövlət, cəmiyyətin bütövlüyünə təhlükə yaratmaq, milli həmrəyliyimizin əsaslarını, zəminlərini zədələyəcək addımlar təşəbbüslərdir.

44 günlük Vətən müharibəsi iştirakçılarının, qazilərin qayğı ilə əhatə olunması sahəsində ölkədə aparılan böyük həcmli işləri bütün ictimaiyyət yaxşı görür və yüksək qiymətləndirir.

Lakin zaman-zaman dövlətin, şəxsən dövlət başçısının istər Birinci, istərsə İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərə göstərdiyi yüksək diqqət və qayğıya kölgə salmaq, aparılan ümumi işə xələl gətirmək kimi mənfi tendensiyalar müşahidə edilir. Yaxın tariximizdə də, elə Vətən müharibəsindən əvvəl də bu kimi mənfi hallar baş verirdi. Məqsəd isə xalqda orduya qarşı dərin inamsızlıq yaratmaq və ölkə rəhbərliyini torpaqların azad olunması ilə bağlı atılan addımlardan çəkindirmək idi. Bu niyyət baş tutmadı və Azərbaycan qısa müddətdə öz torpaqlarını işğaldan azad etdi.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti bütün resurslarını şəhid ailələrinin və qazilərin problemlərinin həllinə yönəltdi. Müharibənin fəsadlarının aradan qaldırılması əsas prioritet kimi bu gün də hökumətin qarşısında prioritet məsələ kimi qoyulub.

Bu da danılmaz faktdır ki, qazilərin, şəhid ailələrinin problemlərindən istifadə edən xeyli sayda mənfur qüvvələr var və hər dəfə olduğu kimi bu dəfə də onlar yeni formatda peyda olacaqlar. Belə də oldu. Müharibədən sonra - bu günə qədər Azərbaycanda 35 qazi intihar edib. Əksəriyyəti də yerli icra strukturlarının diqqətsizliyindən şikayət edərək intihara əl atıblar. İntihar edən qazilərin içərisində müharibədə aldığı ağır psixoloji travmalardan əziyyət çəkən şəxslər də az deyil. Qazilərin intiharları üzərindən dövlətin üzərinə yeriyən bir çox qüvvələr isə yeni fürsət imkanı əldə ediblər.

Maraqlıdır, o torpaqları, milli qeyrətimizi utancdan təmizləyən, təbəssümü ilə kişilik dərsi keçən biri niyə özünə qıysın! Həndəsi silsilə ilə artan intihar və narazılıqlar. Proseslər göstərir ki, qazilərin intiharlarının, şəhid ailələrinin problemlərinin süni şəkildə qabardılmasında maraqlı olan qüvvələr var. Prosesi sistemli və “sosial dayaqlar” üzərində qurublar.

Güloğlan Cabbarlı-hüquqşünas, dünya çempionu
Xəbəri paylaş