Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Xətai rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 13 km-dən çox təşkil edən küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu çərçivədə təmir işləri rayonun Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900metr), Şahin Səmədov (1250 metr) küçələri və Boru keçidi küçəsi döngələrində (1650 m) aparılıb.
Sözügedən küçələr torpaq əsaslı və deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində hər küçədə köhnə örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağı və yol əsası inşa edilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən küçələrə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. Bunun üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının quraşdırılması işləri aparılıb.
Qeyd edək ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41.5 km, 2021-ci ildə isə 14.2 km uzunluğa malik yolda təmir-tikinti işləri görülüb.
Sevinc